Yeni material böyük hesablama gücü və müasir qurğularla müqayisədə aşağı enerji sərfiyyatına malik yeni nəsil kompüter qurğularının yaradılması üçün əsas ola bilər.
Teleqraf.com İCT.az-a istinadla xəbər verir ki, material maqnitoelektrik multiferroikdir. Onun maqnit və elektrik xüsusiyyətləri otaq temperaturunda özünü büruzə verir.
Otaq temperaturunda işləyən multiferroiklər yarımkeçirici materiallar əsasında hazırlanan müasir qurğularla müqayisədə məlumatların oxunması və yazılmasına təxminən 100 dəfə az enerji sərf edir.
Bundan başqa, multiferroiklərin köməyi ilə yaradılmış qurğularda yerləşmiş məlumatlar qəfil elektrik kəsintisi zamanı itmir. "Elektronika qurğularının elektrik enerjisindən istifadəsi artan şkala üzrə inkişaf edir. İndi ümumi dünya enerji istehlakının təqribən 5%-i elektronika qurğularına sərf edilir və proqnozlara görə, əgər biz enerji sərfiyyatının azalmasına səbəb olacaq ciddi nailiyyətlər əldə etməsək, 2030-cu ilədək bu göstərici 40-50%-dək yüksələcək" – tədqiqatın rəhbəri Lourens Berkli Milli Laboratoriyasından Ramamurti Rameş deyib.