Daşkəsən rayonunun Bayan kəndi Azərbaycanda alban tarixinin izlərini saxlayan azsaylı kəndlərdən biri sayılır.
Eramızın ilk illərində albanların yaşadığı kəndin XIX əsrin ikinci yarısından etibarən erməni kəndinə çevrilməsi də araşdırma tələb edən mövzulardan biridir. Belə ki, Qafqaz Albaniyasından qalma kilsələr, daş körpü sonralar erməni abidəsi kimi təqdim olunurdu.
Teleqraf.com xəbər verir ki, modern.az-ın yazdığına görə, Ermənistan prezidentlərinin inaqurasiyası zamanı əlini basdığı VII əsrə aid “İncil” də bir neçə yüz il Bayan kəndindəki kilsələrdən birində saxlanılıb. XVI əsrdə Bayan kəndindəki alban kilsəsinə düşən həmin “İncil” 1974-cü ildə yerli sakinlər tərəfindən Azərbaycandakı erməni kilsəsinin katolikosu Vaqan Teryana ötürülmüşdü. O isə öz növbəsində nadir əlyazmanı bütün ermənilərin katolikosu I Vazgenə hədiyyə etmişdi.
Beləliklə, nadir əlyazma ermənilərin əlinə keçmişdi.
Özünəməxsus arxitektur özəllikləri ilə seçilən Bayan kəndi ermənilər tərəfindən Banants adlandırılır. 1989-cu ilə qədər kənddə ermənilər çoxluq təşkil edib. Onlar hətta Ermənistan çempionatında “Banants” adlı futbol klubu da yaradıblar.
Hazırda Bayan kəndində azərbaycanlılar yaşayır. Kəndin əhalisi 2047 nəfər təşkil edir.