Yeni “Apple iPad” planşet kompüter modellərinin təqdimatı əvvəllər nəzərdə tutulduğu kimi, 2017-ci ilin martında deyil, ikinci rübdə planlaşdırılır.
Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, yaxın vaxtlarda “Apple” şirkətinin cari ilin ikinci rübündə satışa çıxarılacaq planşetləri 9,7 düymlü modellə yeniləyəcəyi gözlənilir.
Məlumata görə, 10,5 və 12,9 düymlü digər iki yeni “iPad” qurğusunun təqdimatı ilin sonunadək təxirə salınacaq. Şirkətin bununla bağlı qəbul etdiyi qərarın səbəbləri barədə məlumat verilmir.
Lakin ekspertlər təxirə salınmanın əsas səbəbi kimi 10 nanometrlik texnoloji proses əsasında işləyən yeni prosessorların istehsal həcminin az olmasını qeyd edirlər.
İlkin məlumatlara görə, 10,5 düymlü yeni “iPad” 9.7 düymlü qurğunu əvəz edəcək. Planşetin ekranı hazırda dəbdə olan çərçivəsiz texnologiya üzrə hazırlanacaq, onun fiziki qabaritləri isə əvvəlki səviyyədə qalacaq.
Öz növbəsində ABŞ istehsalçısı ucuz sinfə aid qurğu kimi qələmə verilən 9,7 düymlü “iPad” planşeti üçün bazarın təhsil sektorunda kəskin tələbatın olacağını proqnozlaşdırır.