25 Yanvar 2017 00:39
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının günün ikinci yarısında keçirilmiş plenar iclasının əsas müzakirələri Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, AŞPA-nın Mədəniyyət, Elm, Təhsil və KİV Komitəsinin sədri Volodimir Aryevin hazırladığı “Avropada jurnalistlərə və mətbuat azadlığına qarşı hücumlar” adlı hesabatı ətrafında aparılıb.

Teleqraf.com xəbər verir ki, hesabatda Gürcüstan və Moldovanın separatçı əraziləri ilə yanaşı, Azərbaycanın Dağlıq Qarabağ ərazisi separatçı qüvvələrin nəzarətində olduğundan burada mətbuatın vəziyyətinin qiymətləndirilməsinin mümkünsüzlüyünə dair qeyd edilən müddəa erməni nümayəndə heyəti üzvlərinin əsassız etirazlarına səbəb olub.

Onlar hesabatdakı sözügedən 9-cu bəndin çıxardılması üçün hesabata üç əlavə və dəyişiklik irəli sürüblər. Hesabat ətrafında çıxış edən Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Samvel Farmanyan məruzəçi Volodimir Aryevi Azərbaycan əsilli olması haqqında Azərbaycan KİV-lərində dediklərini təkrarlamaqla onu yenidən qeyri-obyektivlikdə ittiham etməyə cəhd ediblər. Volodimir Aryev isə bu bəndin beynəlxalq hüquq normalarına və Azərbaycanın ərazi bütövlüyünə dair qəbul olunmuş sənədlərə əsasən hesabata saldığını vurğulayaraq, ona qarşı belə təzyiqlərin edilməsini qəbuledilməz olduğunu bildirib.

Daha sonra, qətnamə ətrafında gedən səsvermələrdə erməni tərəfinin hesabatın 9-cu bəndinin çıxardılmasına və dəyişdirilməsinə yönəlmiş cəhdlərinə baxmayaraq, təklif etdikləri bir-birini təkrarlayan üç əlavə və dəyişikliklərin heç biri qəbul edilməyib. AŞPA üzvləri hesabatın 9-cu bəndini olduğu kimi - yəni, Dağlıq Qarabağın Azərbaycanın ərazisi və bu bölgənin erməni separatçıların nəzarətində olduğunu qəbul ediblər. Sonda Volodimir Aryevin təqdim etdiyi qətnamə tam şəkildə səsə qoyularaq, səs çoxluğu ilə qəbul edilib.


Müəllif:

Oxşar xəbərlər