“Microsoft” şirkəti “Windows 10 Creators Update”in yeni versiyasının çıxarılma tarixini açıqlayıb. Sistem 11 aprel 2017-ci il tarixində istifadəçilərə əlçatan olacaq.
Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, tərtibatçılar ƏS-nin yeni versiyasında “3D” texnologiyalarının tətbiqinə önəm veriblər. ƏS-də “Paint” qrafik proqramının üçölçülü modelləri dəstəkləyən yeni versiyası istifadəyə veriləcək. “Paint”də yaradılmış obyektləri müxtəlif proqramlarda istifadə etmək və ya “3D” printerdə çap etmək olar. Sistemdə, həmçinin şəkil çəkmək üçün “Windows Ink” aləti təkmilləşdirilib və birbaşa şəkillərdə, brauzerdə və başqa sistem proqramlarında əllə yazılmış qeydlər dəstəyi əlçatan olub.
Sistemdə "Parametrlər" menyusu xeyli dəyişdirilib və bütün sazlamalar kateqoriyalara bölünüb. Standart "Windows Qoruyucusu" indi qurğunun vəziyyətini və təhlükəsizliyini idarəetmə funksiyaları, həmçinin valideyn nəzarəti sazlaması imkanı mövcuddur. Bundan başqa, proqram drayver, batareya, daşıyıcı və başqa komponentlərlə bağlı hər hansı problem olduğu barədə xəbərdarlıq edir. Həmçinin yeniləmə sistemin sürət və təhlükəsizliyinin artırılması üçün nəzərdə tutulmuş bir çox başqa yeniliklərə malikdir.