6 Aprel 2017 00:12
2 639
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin dekabrın 20-də İstanbulda Bosfor boğazından keçən Avrasiya tunelinin açılış mərasimi oldu. Prezident R.T.Ərdoğanın, baş nazir B.Yıldırımın və dünyanın müxtəlif ölkələrindən gələn qonaqların iştirakı ilə Türkiyə tarixinə önəmli bir gün yazıldı.

Avrasiya tuneli layihəsi dünyada unikallığı ilə seçilir, iki qitəni birləşdirən üç körpü və Marmaray dəmiryolu xəttindən daha çox önəmə malikdir.

İstanbulun Asiya və Avropa hissələrini birləşdirən bu tunelin uzunluğu 14,6 kilometrdir. Bunun 5,4 km hissəsi dəniz dibindən 106 metr dərinlikdən keçir. Bu hissə gediş və dönüş məqsədilə iki mərtəbəlidir.

Tunelin açılmasından sonra İstanbulun Avropa və Asiyadakı hissələri arasında gediş müddəti 100 dəqiqədən 15 dəqiqəyə enib. Dənizin altından keçən hissə 5 dəqiqəyə qət edilir.

Tuneldə sürət həddi saatda 70 km-dir, 4,5 G keyfiyyətində və fasiləsiz mobil telefon və internet mövcuddur. Tunel 9 bal gücündə zəlzələyə davamlıdır.

Avrasiya tunelinin tikintisi özəl şirkətlər tərəfindən həyata keçirilib. Bu şirkətlər tunelin tikintisinə 1 milyard 245 milyon 121 min dollar xərc çəkib. Tunel 24 il 5 ay bu firmaların sərəncamında olacaq, daha sonra Türkiyə hökumətinə təhvil veriləcək.

Buna görə də hazırda Avrasiya tunelindən keçid ödənişlidir. İki qitəni birləşdirən körpülərlə müqayisədə tuneldən istifadə haqqı yüksəkdir. Hazırda avtomobillər üçün bir keçidi 16,60 lirə, minibuslar üçün isə 24,90 lirədir.

Tunel ötən il dekabrın 22-də saat 07:00-dan etibarən xidmətə açılıb. Tuneldən keçən ilk min sürücüyə tunelin açarlığı və təhlükəsizliklə bağlı broşürlər hədiyyə edilib.

2017-ci ilin 30 dekabrına qədər saat 07-21 arası xidmət göstərən tunel, 31 yanvardan etibarən 24 saatlıq rejimə keçib.

Tuneldə təhlükəsizlik sistemi ən yüksək səviyyədədir. Hər 100 metrdən bir təcili yardım telefonları, radio anons və GSM sistemi fəaliyyət göstərir. Tunelin girişlərində və içərisində 24 saatlıq rejimdə çalışan, ən yüksək səviyyədə təmin edilmiş təcili yardım xidməti var.

Tuneldən bəzi istifadə qaydaları:

Nəqliyyat vasitəsinin hündürlük həddi – 2,8 metr
Ağırlıq həddi – 5000 kq
Yük maşınları, motosikletlər, velosipedlər və piyadalar daxil ola bilməz
Sürət həddi 70 km/saat

***

Bir neçə gün öncə uzun müddət Azərbaycanda çalışmış, bir sıra layihələrə imza atmış Ziya Şahin bəyin dəvətilə bu tunellə tanış olduq. Bir müddətdir İstanbulda yaşadığımız üçün iki qitə arasındakı məsafəni ilk dəfə idi ki, bu qədər qısa müddətə qət edirdik.

Burası həqiqətdir ki, Türkiyədə hakim AKP dönəmində həyata keçirilən bu layihələr hökumətin nüfuzunu xeyli gücləndirib. Təsadüfi deyil ki, İstanbulda söhbət etdiyim yaşlı nəslin nümayəndələri AKP-yə səs vermələrinin ilk səbəbi kimi məhz İstanbulda bu partiyanın iqtidarı dönəmində nəqliyyat sisteminin mükəmməl şəkildə təşkil edilməsini göstərirlər.

Avrasiya tunelindən keçmədən öncə tunelin necə tikilməsi ilə bağlı videoları izləmək lazımdır. Bu zaman projenin nəhəngliyini anlamaq olur.

Tuneldən keçərkən çəkdiyimiz videonu təqdim edirik:

Dilqəm Əhməd


Müəllif:

Oxşar xəbərlər