6 Aprel 2017 20:24
1 443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur inqilabçı, ictimai xadim Lev Trotski sosializm haqqında belə deyirdi: “Sosializm təkcə siyasətlə məhdudlaşdırılmamalıdır – ona uyğun yeni həyat tərzi də formalaşdırılmalıdır”. Təbii ki, inqilabçılar üçün sosializm təkcə siyasi dəyişiklik məqsədi daşımırdı – əsas hədəf quruluşu dəyişməklə yeni insan modeli, yeni həyat tərzi yaratmaq idi. Lenin demiş: “Nə etməli?” Sualın cavabını sosializm lideri özü eyniadlı əsərində verirdi. Lenin hələ illər əvvəl uzaqgörənliklə dərk edirdi ki, quruluşu dəyişməklə iş bitmiş hesab oluna bilməz. Ona görə də silahdaşlarına və həmfikirlərinə ittifaq qurulandan sonra insanların təfəkkürünü dəyişdirməyi məsləhət görürdü.

Təbliğat! Yalnız təbliğat yolu ilə çoxəsrlik mütləqiyyət qaydaları, burjua həyat tərzi dəyişə bilərdi. Dünyada ilk dəfə fəhlə və kəndli əlindəki çəkic və yaba ilə dövlət qururdu. Amma qismətdən qaçmaq da olmaz. Yəni alnına əzab-əziyyət yazılıbsa, dolayısı ilə də olsa buna qatlanmalısan. Fəhlə və kəndli hakimiyyəti ələ alsa da narahat, şəraitsiz evlərdə yaşamaq, səhərdən-axşama kimi çalışmaqdan canını qurtara bilmədi. Elə aşağı təbəqəni yuxarı çıxaran inqilabçılar da bunu dərk edirdilər. Odur ki, onlara “layiq” olduqları həyatı verdilər – kollektiv həyat! İşdə, evdə, istirahətdə - hər yerdə kollektivlik əsas olmalıydı.
Bununla bağlı yazını təqdim edirik.

İnqilabçılar yalnız bu yolla insanları fərdiçilikdən ayıra bilərdi və öhdəsindən də gəldilər. Qolçomaqların kobud deyimini misal gətirsək: “Hamı bir yorğanın altına girdi”. Bu deyimi birbaşa mənada anlamaq lazımdır. Çünki 1920-ci illərdən etibarən yaradılan kommunal evlərdə hətta yeni evlənənlər də otaqda arakəsmə olmadan yaşamalıydılar. İlk vaxtlarda yalnız aradan pərdə asmaqla cütlüklər özlərinə uyğun köşə qururdular. İnsanların abrını bir pərdəyə sığdıran təzə hökumət buna qarşı çıxanları dərhal damğalayırdı. Hələ kommunal evlərdə otaqları, dəhlizləri daş hörgü ilə ayırmaq istəyənləri fərdiçilikdə ittiham edib əlli-ayaqlı aparırdılar. Çünki özünü kollektivdən ayıran yalnız burjuaz ola bilərdi. Sovet təbliğat maşını necə güclü çalışırdısa, günü bu gün də ümumi yataqxanalarda qapısını ayrıca qoymaq istəyən sakinlərə “özündən olmayanlar” kimi baxırlar.

Qeyd etdiyimiz kimi, Sovetin kök salmasının ən başlıca üsulu məhz təbliğat idi. İstər mədəniyyət və ədəbiyyatda, istərsə də təfəkkür və həyat tərzində bunu təlqin edirdilər. 20-ci illərin başlanğıcında gənc arxitekturlar üçün müsabiqə elan olundu. Məqsəd mövcud yaşayış binalarının əvəzinə yenilərinin tikilməsi idi. 1928-ci ildə Moisey Qinzburqun layihəsi əsasında ilk belə evlər inşa edilməyə başladı. Əvvəllər kommunal otaqlar 3-5 nəfərlik olurdu. Evin interyeri də bir-birindən fərqlənmirdi. Ortada böyük yemək stolu, kənarlarda yanı tumbalı çarpayılar, paltar və kitab şkafı. Vəssalam! Sosial bərabərliyi mütləq açıq-aydın göstərən tablo...
Əlbəttə ki, əvvəlki tikililər də yerlə-yeksan olunmadı. Sosializmin də özünəməxsus elitası vardı. Onları əli çəkicli, yabalı fəhlə-kəndlidən ayırmaq lazım idi. Əsas hədəf çoxluq təşkil edən kəndlilər və yetişməkdə olan gənc nəsil idi ki, ilk öncə onların beyni yuyulmalıydı. Bunun üçün elə tələbələrdən başladılar. Əvvəlcə onlar üçün yaradılan yataqxanalarda “Qırmızı tələbə” olmağın şərtləri tərənnüm olunurdu. Qəzetlər palaz-palaz bu tələbələrin həyat tərzini əks etdirən fotoları yayımlayırdı. Birgə yemək yeyən, birgə otağı bölüşən, birgə kitabxanası olan xoşbəxt tələbələr dövrün bütün qəzet və şüarlarının bəzəyi idi. Tezliklə o tələbələrin valideynləri, qohum-əqrəbası da “bir yorğan altına girdi”. Xüsusən şəhərlərə üz tutan, ağ günlərin havasına yellənib gələn gənc ailələr məhrəmini qonşuyla bir otaqda yaşamalı olurdu. Kənd həyatına sadiq qalanlar az-çox ev məsələsində yarımışdılar. Onlar heç olmasa, kolxozda kollektivləşirdilər, şəxsi həyatları göz önündə sərgilənmirdi.

Kommunal evlərdə yaşayan insanların gəlirlərinin çox hissəsi bir yerə toplanırdı. Ümumi fond vasitəsilə ərzaq, dərman, paltar, məişət əşyası alınırdı. Xüsusən də ittifaq yeni qurulanda bütün bunlara güclü nəzarət vardı. Sonrakı dövrlərdə, yəni 50-ci illərdən sonra (artıq təbliğat maşını işin öhdəsindən kifayət qədər gəlmişdi) ailələr üçün ayrıca, sadə görünüşlü, kiçik ölçülü mənzillər tikilməyə başladı. Bu gün də postsovet ölkələrinin “bəzəy”i olan “Stalinka”, “Xruşşovka”lar həmin illərin xatirəsidir.

Kommunal evlərdə ümumi gəlir olduğu kimi, qaydalara riayət də mütləq idi. Cədvəl tutulur, yemək, yatmaq, əylənmək, mütaliə ilə məşğul olmaq saatları tərtib edilirdi. Təbii ki, hədəfə gedən yollarda mütləq əyər-əskiklik də olmalıydı. Həm də necə! Cədvəldə hər şeyin vaxtı dəqiq göstərilirdi, bəs insanların törəmə prosesi? Bunun üçün “təbliğat maşını” vaxt müəyyən edirdimi? Əlbəttə yox. Belə olduqda isə qanuni həyat yoldaşı ilə gizlin “görüşən”lər, ya da başqasının həyat yoldaşını özününküləşdirənlər də az olmurdu. Bu, bütün dönəmlərdə olub, amma ümumi yaşayışın nəticələri daha ağır olurdu. İnsanların gündüzü kimi, gecəsi də “kollektivləşirdi”.

Daha bir çatışmazlıq - qaydalara, təmizliyə riayət olunmaması idi. Adətən, belə kommunal evlərdə natəmizlik baş alıb gedirdi. Sovet insanının içkiyə meylli olmasını da nəzərə alsaq, kommunal evlərin qara-qışqırığını, dava-dalaşını təsəvvür etmək çətin olmaz.

İstənilən halda, Leninin məşhur “Nə etməli?” sualına cavab əməli olaraq verildi: kollektivlik ideyası insanların təfəkkürünə elə qazıldı ki, bu gün də insanların arasında bu tələbat var. Yəni kollektiv üzvlərinin birinin digərindən fərqlənməməsi. Başqa sözlə, Sovet ideologiyası əksər qərblilərin düşündüyü kimi “bir ovuc üsyançıların təsadüfi qələbəsi” olmadığının ən bariz nümunəsi – yeritdiyi təbliğatın elə bu gün də qafalarda yaşamasıdır.


Müəllif:

Oxşar xəbərlər