Bakıda 21 avqust - 07 sentyabr tarixlərində beynəlxalq kino layihəsi çərçivəsində “Bakı sübhdən günbatanadək” praktik kurs keçirilir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, təlimlərdə, master-klasslarda və digər məşğələlərdə iştirak etmək üçün Polşadan 8 nəfərlik müəllim heyəti Bakıya gəlib. İyirmiyə qədər gənc azərbaycanlı rejissor seminarlarda bir sıra sənədli filmlərə baxış keçirir, onların təhlili, çəkiliş metodlarına dair təkliflər və daha sonra bütöv filmin montaj və istehsal olunması ilə bağlı məsələləri müzakirə edirlər.
Hər gənc rejissor şəhər həyatından bir situasiya seçib, saatlarla çəkiliş apardığı materialdan müəllimlərin nəzarəti altında 3-4 dəqiqəlik süjet yaranacaq.
Nəticədə şəhərin canlı təsviri kimi 60 dəqiqəlik sənədli film istehsal olunacaq. “Bakı sübhdən günbatanadək” müstəqil olmaqla yanaşı iri beynəlxalq layihənin tərkib hissəsi kimi həyata keçirilir, dünyanın müxtəlif bölgələrində, kino festivallarda və telekanallarda təqdim olunacaq.
Layihənin tərəfdaşları Polşanın Adam Mikiyeviç İnstitutu, Polşa Kino İnstitutu, TVP 2 Polşa Milli Televiziyası, Belsat kanalı və Polşa Xarici İşlər Nazirliyidir. Layihənin Azərbaycandakı tərəfdaşı Mədəniyyət və Turizm Nazirliyi və Azanfilm studiyasıdır.
Nərmin