Bu il bütövlükdə dünyada yeddi milyondan çox uşaq Santa Klausa məktub göndərib. Bu barədə Ümumdünya Poçt İttifaqı məlumat verib.
Teleqraf.com xəbər verir ki, uşaq arzularının baş icraçısına ünvanlanan məktubların əksəriyyətini Kanada və Fransanın poçt şöbələri alıb. Ötən il bu ölkələrin hər birindən bir milyondan çox uşaq öz bayram "sifarişlərini" poçt ilə göndərib.
Bir çox ölkələrdə sosial proqramlar mövcuddur. Bu proqram çərçivəsində çalışan əməkdaşlar və könüllülər aztəminatlı ailələrin uşaqlarına Santa Klausun hədiyyələrini çatdırırlar. Məsələn, Portuqaliyada uşaqların məktubları xüsusi veb-saytda dərc olunur. Məktubu dərc olunan uşağın arzusunu hər kəs yerinə yetirə bilər. Portuqaliya poçtunun əməkdaşları bildirirlər ki, uşaqlar çox vaxt oyuncaq hədiyyə olunmasını istəyir, lakin son vaxtlar getdikcə daha çox uşaq geyim, ev heyvanı, habelə qardaş və bacı istəyir. Belə meyillər İsveçdə də müşahidə olunur.
İsveç poçtalyonu Mariya İbsen deyib: "Santa dünyanın hər yerindən məktublar alır. Məktubların çoxu Asiyadan gəlir. Bu regiondan olan uşaqlar xoşbəxtlik və sağlamlıq arzusundadırlar. Oyuncaq əsas etibarilə avropalı uşaqları maraqlandırır". ABŞ-da 20 poçt şöbəsi "Santaya məktublar" proqramına qoşulub. Santanın Nyu-York ünvanına hər il təqribən 500 min uşaq məktubu gəlir.
Rüstəm