Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov "Eurovision-2014" mahnı müsabiqəsinin qalibi, Konçita Vurst kimi tanınan Tomas Noyvirtin istəyinin cavabını verib.
Teleqraf.com-un məlumatına görə, Peskov Konçitanın Putinlə görüşmək istəyi ilə bağlı sualı eşidərkən gülüb.
"Bu və buna bənzər suallarla mənə yaxınlaşmayın", deyə Peskov gülümsəyərək suala cavab verib.
Qeyd edək ki, bu gün Konçita Putinlə görüşmək istədiyini açıqlamışdı. O, Rusiya prezidenti ilə bir həftə vaxt keçirmək istədiyini demişdi: "Mən Rusiya lideri ilə bir həftə vaxt keçirmək istərdim. Sadəcə onu anlamaq üçün".
Xatırladaq ki, avstriyalı Konçita Vurstun 2014-cü ildə "Eurovision"da qələbəsindən sonra Türkiyə bir daha "Eurovision" mahnı müsabiqəsində iştirak etməyəcəyini bildirib. Bundan başqa, Avropa parlamentinin avstriyalı deputatı da öz ölkəsinin belə qələbəsindən utandığını demişdi. /anspress.com/