"Azərkosmos" ASC Azərbaycanın ikinci telekommunikasiya peyki olan "Azerspace 2"-nin texniki parametrlərini müəyyənləşdirir. Bunu Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.
Onun sözlərinə əsasən, "Azerspace-2" texniki parametrlərinə görə əvvəlki "Azerspace-1" peykindən kardinal şəkildə fərqlənməyəcək: "Telekommunikasiya peykləri texniki parametrlərinə görə fərqli ola bilərlər. Onların tikintisi zamanı müxtəlif tezlik diapazonları istifadə edilə bilər. Birinci peykin tikintisində istifadə edilən diapazonlardan başqa, X və Ka diapazonları da var. İkinci peykin tikintisində yeni tezlik diapazonlarının istifadə ediləcəyi istisna olunmur".
Mənbə qeyd edib ki, peykin texniki parametrləri və əhatə zonası müəyyənləşdikdən sonra tender elan ediləcək: "İlkin məqsəd ondan ibarətdir ki, ikinci peyk ehtiyat qismində olsun və nəzərdə tutulmamış şəraitlər yaranarkən sabit rabitəni təmin etməyə hesablansın".
Qeyd edək ki, "Azerspace 2"-nin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır.