13 May 2014 20:20
1 628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mağaza sahibinə qarşı dələduzluq edənlər cəzalandırıldı

Dələduzluqda ittiham olunan Sabirabad rayon sakinləri Zaman Hüseynov, Sabir Abbasov, Məmmədağa İbadovun məhkəməsi başa çatıb.

Ittihama görə, Zaman Hüseynov 2012-ci ilin avqust ayının ortalarında tanışı Məmmədağa İbadovla birlikdə Sabirabad şəhərində yerləşən qızıl-zinət əşyaları mağazasının satıcısı Gülüstan Mahmudovaya qarşı dələduzluq ediblər.

Onlar Gülüstan Mahmudovanın işlədiyi mağazaya gələrək Məmmədağa İbadovun oğluna toy məclisi edəcəyini deyiblər. Həmin mərasimlə əlaqədar 1000 manat dəyərində Türkiyə istehsalı olan "Versaçi" qadın qızıl qolbağı qızıl boyunbağı, 400 manat dəyərində bir dəst qızıl sırğa və üzük götürüblər. Məmmədağa İbadov həmin qızılın pulunu 10 gün müddətində verəcəyini vəd etsə də, sözünün üstündə durmayıb.

Zaman Hüseynov başqa bir dostu Sabir Abbasovla da həmin mağazaya gəlib. O, Sabirin subay oğluna toy məclisi quracağını deyərək Gülüstan Mahmudovanı aldadıb. Bu dəfə satıcıdan 1450 manat dəyərində qızıl götürüblər. Pulu qısa müddətdə ödəyəcəklərinə söz versələr də, əməl etməyiblər.

O, Hüseyn Əzizov üçün isə 1500 manat dəyərində nisyə qızıl əşyaları götürərək mənimsəyib.

Zaman Hüseynov tanışı Sadiq Məmmədovu evli ola-ola Gülüstan Mahmudovaya subay kimi təqdim edib. Avqustun 26-da onun "nişan məclisi" üçün 610 manatlıq qızıl götürüb, məclisdən bir gün sonra pulunu verəcəyini deyib.

Həmin ilin sentyabr ayında növbəti dəfə Gülüstan Mahmudovanın mağazasına yollanan Zaman Hüseynov 2600 manat dəyərində qızıl götürüb. Bundan başqa, Zaman Hüseynov və digər təqsirləndirilən şəxslər dəfələrlə Gülüstan Mahmudovanı aldadaraq xeyli miqdarda qızıl mənimsəyiblər.

Gülüstan Mahmudova aldadıldığını başa düşəndə Sabirabad rayon Polis Şöbəsinə şikayət edib və təqsirləndirilən şəxslər həbs olunub.

Sabirabad rayon Məhkəməsinin hökmü ilə Zaman Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər - Sabir Abbasov 3 min manat, Məmmədağa İbadov isə 3500 manat dəyərində cərimə olunublar. Hər iki şəxs məhkəmə zalından azad ediliblər.

Hacı


Müəllif: