Bakıda “Flame Towers” binalarının 3D-surəti təqdim ediləcək.
Bakıda yerləşən və Azərbaycanda ən uca binalar olan “Alov qüllələri”nin surəti ilk dəfə olaraq 3D-printerdə çap ediləcək. Bu heyrətamiz hadisə fevralın 12-də Park İnn otelində keçiriləcək “3D Print Conference Baku” konfransı çərçivəsində baş tutacaq.
Bu barədə Teleqraf.com-a konfransın təşkilatçısı “Smile-Expo” şirkətində məlumat verilib.
Müasir dövrün ən mühüm ixtiralarından biri hesab edilən 3D-çap insan fəaliyyətinin müxtəlif sahələrində böyük potensiala malikdir. Bakıda keçiriləcək konfransın missiyası 3D texnologiyaların müasir dünyanı nə dərəcədə dəyişdirə biləcəyi barədə informasiya təqdim etməkdir.
Konfransın proqramında eksklüziv məruzələrlə yanaşı, 3D avadanlıqlarının işinin də nümayiş etdirilməsi nəzərdə tutulur. Rusiyanın “PICASO 3D” şirkəti alov qüllələrinin unikal 3D surətini məhz bu məkanda çap edəcək. Bu arxitektura qurğularının kiçildilmiş surətinin ölçüləri 20x20x20 santimetr olacaq. Model “Picaso Designer PRO250” 3D printerində çap ediləcək. Mütəxəssislər məsrəf materialı kimi plastikdən istifadə edəcəklər.
“3D Print Conference Baku” sərgisinə gələnlər Azərbaycan paytaxtının ən görməli yerlərindən birinin yaradılması prosesini müşahidə edəcək, beləliklə müasir 3D texnologiyaların ağlasığmaz imkanlarını gözləri ilə görəcəklər.