Hindistanın Varanasi şəhərindən sürgün olunmuş aqori rahibləri, demək olar, bütün ölkənin ən böyük kabusuna çevrilib.
Bu rahiblər ruhi maariflənmə üçün yandırılan meyitlərin yaxınlığında yaşayır, insan əti ilə qidalanırlar.
İtalyan fotoqrafı Kristiano Ostinelli qəbilə üzvlərini daha yaxından tanımaq üçün üzü boyalı qorxunc rahiblərdən fotoreportaj hazırlayıb.
Sirli qəbilənin üzvləri qəbiristanlıqda yaşayır və dini ayin kimi insan ətindən yemək hazırlayırlar. Bundan əlavə, özlərinin dediyi kimi, ruhi maariflənmə üçün bu tayfa üzvləri içki qədəhi kimi insan kəlləsindən istifadə edir və meyitlərin yanında dua edirlər.
Ostinelli deyib: “Bu tayfa ilə bağlı çoxlu sirli hekayələr gəzişir. Hindistan xalqı onlardan qorxur. Onların dediklərinə görə, aqori tayfasının din adamları gələcəyi söyləyə, suyun üzərində gəzə və cadu eləyə bilirlər”.
Din adamları meditasiya etməzdən öncə marixuana və spirtli içki qəbul edirlər. Adətən Hindistanda ölülər Qanq çayına atılır. Lakin bəzi meyitlər isə yandırılmadan bir yerə toplanılır. Aqori qəbiləsinin üzvləri meyitlərin geyimlərini əyninə keçirərək, onların yanında məskunlaşır.
Dindarların fikrincə, insan əti və qan digər dünya ilə əlaqələndiricidir. Aqori qəbiləsi öz tarixini XVII əsrdə yaşamış Baba Kinaramdan götürür. İnanclara görə, o, 170 yaşında vəfat edib. /publika.az/