21 Aprel 2015 12:27
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov fəxri qonaq qismində Konyada keçirilən “Min nəfəs, bir səs” teatr festivalında iştirak etmək üçün Türkiyəyə yola düşüb.

Teatrdan Teleqraf.com-a verilən məlumata görə, İsrafil İsrafilov festival müddətində keçiriləcək Beynəlxalq pyes müsabiqəsində münsif kimi iştirak edəcək. Bununla yanaşı onun beynəlxalq əməkdaşlıq layihələri ilə bağlı bir sıra işgüzar görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, “Min nəfəs, bir səs” Türkdilli Teatrların Beynəlxalq Festivalı artıq 8 ildir ki, mütəmadi şəkildə keçirilir və böyük maraqla qarşılanır. Dostluq və sülhü əsas məramı hesab edən festivalda bu 8 il ərzində müxtəlif ölkələrin türk dilində tamaşa hazırlayan teatr kollektivləri iştirak edib. Ötən il festivalda Azərbaycanı Akademik Milli Dram Teatrı “İlahi oyun” tamaşası ilə təmsil edib və böyük müvəffəqiyyət qazanıb. Bu il isə Azərbaycanı festivalda Şəki Dövlət Dram Teatrının “Xəsis” tamaşası təmsil edəcək. Səhnə əsərinin quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu rəssamı əməkdar rəssam Qüdrət Məmmədovdur. Tamaşada rolları Əbülfət Salahov, Aydın Əlibalayev, Xanlar Həşimzadə, Sima Şabanova, Rəhim Qocayev və başqaları ifa ediblər.

Nərmin


Müəllif:

Oxşar xəbərlər