20 İyun 2015 20:58
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kaunas şəhərinin Laysves alleyasında - şəffaf “Dancer” trolleybusu işə salınıb. Bu qeyri-adi interaktiv nəqliyyat vasitəsi sutkanın qaranlıq vaxtında işıq saçmağa başlayır.

AZƏRTAC “Newsland”a istinadla xəbər verir ki, bir qrup litvalı və xarici alimlər, mühəndislər və sahibkarlar tərəfindən modifikasiya edilmiş bu trolleybus ən yüngül, iki dəfə az enerji sərf edən və ətraf mühit üçün zərərsiz nəqliyyat vasitəsi olmaq iddiasındadır.

Bu trolleybus Klaypedanın “Vėjo projektai” şirkəti tərəfindən hazırlanıb. Gələcəkdə belə trolleybusların seriya ilə istehsalı nəzərdə tutulur. Hələlik isə bu tipli ilk trolleybusun həmin şirkətdə yaradılmış prototipi təkərlər üzərində laboratoriya kimi müxtəlif yoxlamalar və sınaqlar məqsədilə istifadə olunur.

Bu nəqliyyat vasitəsinin yaradıcılarından biri olan Rimantas Dicyokasın sözlərinə görə, Klaypedada trolleybus kontakt şəbəkəsi olmadığı üçün yeni nəqliyyat vasitəsi Kaunasda sınaqdan keçiriləcək.

“Trolleybus hələ ki sərnişinləri daşıya bilməyəcək. Onun içində yalnız mühəndis-tədqiqatçılar üçün bir neçə işçi yeri var”, - deyə R.Dicyokas bildirib.

Yeni nəqliyyat vasitəsi “Kauno autobusai” şirkətinə məxsus olan və 32 il istifadədə olmuş (buraxılış tarixi 1982-ci il) yenilənmiş “Škoda 14Tr” trolleybusu əsasında hazırlanıb.

“Kauno autobusai” şirkətinin baş direktoru Mindauqas Qriqyalisin sözlərinə görə, Qərb ölkələrinin çoxu iqtisadi, ekoloji və cəlbedicilik meyarlarını nəzərə alaraq ictimai nəqliyyat sistemini modernləşdirir.

Yeni trolleybusu yaradanların iddialı planları var. Onlar gələn il Litva bazarına bu ölkədə istehsal edilən 20 elektrik avtobusu çıxarmaq, gələcəkdə isə ildə 1000 nəqliyyat vasitəsi istehsal etmək niyyətindədirlər.


Müəllif: