Yaponiyanın “Suzuki” avtomobil istehsalçısı Almaniyanın “Volkswagen” konsernindən özünün 19,9 faiz həcmində səhmlər paketini alacaq.
“Deutsche Welle” (“Alman dalğası”) agentliyi xəbər verir ki, sazişin məbləğinin 3,3 milyard dollar təşkil edəcəyi gözlənilir. “Suzuki” bu barədə qərarını Beynəlxalq Ticarət Palatasının Arbitraj Məhkəməsi “Volkswagen” ilə alyansdan 2011-ci ildə çıxan və öz səhmlərini geri tələb edən şirkətin mövqeyini dəstəkləyəndən sonra açıqlayıb.
“Suzuki” və “Volkswagen” 2009-ci ildə strateji tərəfdaşlıq haqqında müqavilə bağlayıblar. Bu müqavilə çərçivəsində Almaniyanın avtomobil konserni “Suzuki”nin səhmlərinin 19,9 faizini indiki məzənnə ilə 1,9 milyard dollara satın alıb. “Volkswagen”in səhmlərinin 1,5 faizini alan Yaponiya konserni isə həmin səhmləri hələ 2011-ci ildə satıb.