Ata bağçada özünü yaxşı aparmayan oğlunu cəzalandırmaq üçün dəhşətli üsula əl atıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Fransanın paytaxtı Parisdə baş verib. Oğlunu öldürməkdə şübhəli bilinən 37 yaşlı Kristof Şampuena məhkəmə qarşısına çıxarılıb.
Məlum olub ki, kişi özünü pis aparan azyaşlı uşağını əvvəlcə döyüb. Bununla ürəyi soyumayan amansız ata oğlunu paltaryuyan maşına salıb və barabanı hərəkətə gətirib. Uşaq bir neçə dəfə qışqırıb yalvarsa da, bunun xeyri olmayıb.
Hadisə nəticəsində azyaşlı həyatını itirib. Saxlanılan zaman Kristof öz əməlini etiraf etməyib. İlkin izahatında o, uşağın pilləkəndən yıxıldığını deyib. İkinci dəfə isə kişi bunu təkzib edib və başqa yalan uydurub. Onun sözlərinə görə, uşağını hamamda çimizdirərkən, azyaşlı vannaya yıxılıb və boğulub.
Azyaşlının Mod adlı bacısı isə bütün olanları belə anladıb: "Qardaşım bağçada özünü pis aparırdı. Atam onu paltaryuyan maşına saldı. O qışqırırdı. Bundan sonra anam mənlə oynamaq üçün o biri otağa keçdi. Atam isə internetdə nəsə axtarırdı".
Hadisə vaxtı evdə olan ana, 29 yaşlı Şarlin Kot da təqsirini boynuna alıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, bu azyaşlı oğlana verilən ilk cəza deyil. Bundan əvvəl də bir neçə dəfə uşaq ağır cəzalara məruz qalıb, azyaşlı bir neçə gün şkafda bağlı vəziyyətdə saxlanılıb. Hətta azyaşlının anası oğlunu ayaqyoluna getməyə belə qoymayıb.
Samir