"Blancco Technology Group” və “Kroll Ontrack” şirkətlərinin keçirdiyi qlobal tədqiqatın nəticələrinə görə, “Amazon”, “eBay” və "Gazelle.com" internet mağazalarında satılan işlənmiş mobil qurğular, sərt disklər və bərkcisimli toplayıcılarda onların əvvəlki sahiblərinin fərdi məlumatlarının bir qismi qalır. Bu barədə Teleqraf.com Azərbaycan rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən məlumat verir.
Bildirilir ki, tədqiqatçılar 122 işlənmiş avadanlığı təhlil edərək onların 48 faizində informasiyanın saxlanılmasını aşkar ediblər. Qurğuların 35 faizində elektron poçt ünvanı, zənglər, SMS və messencerlər haqqında məlumatlar, fotoşəkillər və videolar kimi fərdi məlumatlar olub.
İnformasiyanın silinməsinə cəhdin göstərilməsi mobil qurğuların 57 faizində, sərt disklərin və toplayıcıların 75 faizində müəyyən edilib. Bununla belə, bu cəhdlər etibarsız silinmə üsullarından istifadəyə görə uğursuz olub və məxfi məlumatlar qurğularda olduğu kimi qalıb.
Ekspertlərin sözlərinə görə, iki smartfonda saxlanılan informasiya qalığı onlara əvvəlki qurğu sahiblərinin şəxsiyyətini müəyyənləşdirməyə kifayət edib. İstifadəçilər tərəfindən faylların silinməsi üzrə atılan əsas addımlar onlarda mühafizə ilə bağlı yanlış hisslər yaradır.
"SecurityLab” yazır ki, ekspertlər sərt disklərin və toplayıcıların 11 faizində məlumatların əsas üsullarla (silib səbətə göndərməklə) ləğv edilməsinə cəhdin göstərilməsini aşkarlayıblar. Onların 69 faizində sürətli formatlama - yayılmış, lakin informasiyanın etibarsız silinmə üsulu həyata keçirilib.