3 İyun 2014 16:59
1 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Sadəddin Topukçunu qəbul edib.

QMİ-dən Teleqraf.com-a verilən məlumata görə, qonağı səmimi salamlayan Şeyx Kipri türk dünyasının bir parçası, kiprliləri türkdilli qardaş xalq kimi dəyərləndirdiyini bildirib, Türkiyə dövləti ilə Azərbaycan arasında mövcud qardaşlıq əlaqələrinin Kiprə də sirayət etdiyini diqqətə çatdırıb.

Görüşdə A. Paşazadə Azərbaycan və Kipr türkləri arasında qardaşlıq əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərin vacibliyindən söhbət açıb. Bildirilib ki, keçirilən beynəlxalq dinlərarası tədbirlərdə Azərbaycan və Kipr nümayəndələrinin qarşılıqlı şəkildə iştirakı bu işə öz töhfəsini verə bilər.

Şeyxülislam Kiprdə iştirak etdiyi konfranslar, habelə Kiprin mərhum lideri Rauf Denktaşla görüşü barədə xatirələrini dilə gətirib, Kipr xalqına və rəhbərliyinə ən xoş arzularını yetirib.

Qardaş Azərbaycanda təmsilçi olunmaqdan şərəf duyduğunu bildirən Kiprin təmsilçisi S.Topukçu A. Paşazadəni tanınmış, nüfuzlu dini lider kimi yuksək dəyərləndirdiklərini bildirib, onu Kiprdə gedən inkişaf prosesləri barədə məlumatlandırıb, Azərbaycan və Kipr xalqları arasında qardaşlıq münasibətlərinin, mənəvi əlaqələrin inkişaf etdirilməsini arzuladıqlarını vurğulayıb.

BƏXTİYAR


Müəllif: