Bu gün Qubada havanın temperaturunun digər günlərə nisbətən qəfil yüksəlməsi ilə Xınalıq yolunda dağın ətəklərinə bir-neçə gün bundan öncə yağan güclü qar nəticəsində toplanmış qar kütləsi əriyərək yola doğru hərəkət edib.
Nəticədə qar uçqunu yolun bağlanmasına səbəb oliub. Hadisə Quba-Xınalıq yolunun 36-38-ci kilometrlik hissələrində baş verib.
Ümumilikdə, sözügedən ərazilərdə 6 yerdə qar uçqunu qeydə alınıb. Yolda hərəkətin bərpası üçün dərhal əraziyə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Quba 6 saylı Yol İstismar İdarəsinin ağır texnikaları cəlb edilib.
“Azəryolservis” ASC-dən Trend-ə verilən məlumata görə, texnikaların çalışdığı ərazilərdə qar uçqunlarının yenidən təkrarlanması təhlükəsi olmasına baxmayaraq qısa müddət ərzində yol qar kütləsindən təmizlənib və nəqliyyat vasitələrinin həm Xınalıq kəndi istiqamətinə, həm də Quba şəhərinə doğru hərəkəti tam bərpa edilib.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən Quba-Xınalıq yolundan istifadə edərkən ehtiyatlı olmalarını xahiş edir və yola idarə etdikləri nəqliyyat vasitələrinin sazlığına əmin olduqdan sonra çıxmalarını tövsiyə edir.