Sistem yeniləmələrini həmişə yükləyin
Elektron qurğulara sahib olan insanlar bu avadanlıqların təhlükəsizliyini hansı yolla təmin etmək barədə düşünürlər. Bu gün kənar müdaxilələrə məruz qalan elektron avadanlıqlar siyahısında kompüterlər ilk pilləni tutur. Bəs gəlin görək, kompüterləri kənar müdaxilədən qorumaq üçün nə etmək olar?
Ekspertlər ilk növbədə bütün sistemin yenilənməsini tövsiyə edirlər. Onlar hesab edir ki, sistem vaxtında yenilənməsə, o zaman boşluqlar vasitəsilə kompüterə müdaxilə mümkündür.
Mürəkkəb parollardan istifadə edin
Mütəxəssislər bildirir ki, bir çox hallarda istifadəçi hesabına müdaxilə və parolların ələ keçirilməsi istifadəçilərin öz səhvi ucbatından baş verir.
Belə ki, insanların əksəriyyəti öz parol və “PIN” kodlarını ya kağız üzərinə yazır ya da fərdi kompüter, noutbuk, smartfon kimi elektron qurğularda qeyd edir.
Ekspertlər 10 simvol uzunluğunda mürəkkəb parollardan istifadəni tövsiyə edir. Rəqəm, xüsusi simvollar, böyük, kiçik hərflərin birgə kombinasiyası daha məqsədəuyğun hesab edilir. Bundan başqa, istənilən bioqrafik informasiya (doğum tarixi və sairə), ev heyvanları, hərf və ya rəqəm ardıcıllığı, lüğət sözlərinə əsaslanan parollardan imtina edilməsi məsləhət görülür.
İnternetdə sayıqlığı əldən verməyin
Antivirus ekspertləri hesab edir ki, kompüterin virusa yoluxmasının qarşısını almaq üçün internetdən istifadə zamanı ayıq-sayıq olmaq lazımdır.
Məsələn, fərdi məlumatı və ya məxfi informasiyanı digər şəxsə göndərərkən əmin olmaq lazımdır ki, ünvanlanma doğrudur.
Eyni zamanda, müxtəlif xidmətlər üçün eyni loqin və paroldan istifadəni tövsiyə olunmur. Çünki, bir xidmət üzrə hesab məlumatlarının ələ keçirilməsi digər xidmətləri də zərbə altına qoyur.
Ekspertlərin fikrincə, fərdi məlumatların ələ keçirilməsi və kompüterə müdaxilənin əsas səbəblərindən biri fişinqdir.
Qeyd edək ki, fişinq kiberdələduzluğun xüsusi növüdür, istifadəçilərin aldatma yolu maliyyə xarakterli fərdi məlumatları ələ keçirilir. Bank saytı kimi görünən (və ya maliyyə əməliyyatları aparılan istənilən digər sayt) saxta veb-saytlar vasitəsi ilə cinayətkarlar istifadəçi adı, parol və ya PIN-kod kimi konfidensial məlumatlarını ələ keçirərək ondan öz məqsədləri üçün istifadə edirlər.
Diqqətsiz istifadəçilər populyar internet xidmətinin saxta avtorizasiya səhifəsinə daxil olaraq öz hesab məlumatlarını daxil edə bilər. Nəticədə məlumatlar avtomatik olaraq kibercinayətkarların verilənlər bazasına yazılır.
Öz hesabınızı mobil telefon nömrəsi ilə əlaqələndirin
Ekspertlər istifadəçilərə öz hesablarını mobil telefon nömrəsi ilə əlaqələndirməyi tövsiyə edir. Belə ki, istifadəçi hesabı ələ keçirildiyi təqdirdə mobil telefon nömrəsinin köməyi ilə girişi bərpa etmək daha asan olur.
Bundan başqa, bir çox xidmətlərdə telefon nömrəsi ilə əlaqələndirmə iki mərhələli qeydiyyat prosesindən istifadəyə imkan verir. İstifadəçi paroldan başqa mobil telefona göndərilən birdəfəlik “PIN” kodu daxil edir ki, bu da təhlükəsizlik üçün təminatdır.