Qadınların əksəriyyəti dəri qocalmasının ilk əlamətlərini gizlətmək istəyir və öz növbəsində cavanlaşdıran üsullardan faydalanır. Bəzi qadınlar bahalı preparatlar, ağrılı proseduralar sayəsində istəklərinə nail olur. Amma bu, yeganə çıxış yolu deyil. Bahalı proseduralardan istifadə etməyə başlamazdan əvvəl məsələni müstəqil şəkildə həll etməyə çalışın.
Təxminən yarım əsr bundan qabaq nənələrimizin nə botoksdan, nə gialuron turşusundan xəbəri yox idi. Onlar gözəlliyinin qayğısına illərin sınağından çıxmış təbii komponentlərdən ibarət xalq reseptləri ilə qalırdılar. Məsələn, təsirli və faydalı vasitə olan nişasta qırışların aradan qaldırılmasında böyük rol oynayır. Nişastadan hazırlanmış istənilən maska dərini faydalı vitamin və zəngin minerallarla təmin edir. O, dərini kiçik qırışlardan xilas edən, vaxtından əvvəl qocalmanın qarşısını alan, onu ətraf mütinin xarici təsirlərindən qorumağa qadir olan unikal vasitədir. Regenerasiya təsirlərinə görə, maska bir çox kremlərin tərkibində də istifadə olunur.
Əgər siz dərinin dartılmasını istəyirsinizsə, onda bu maskadan istifadə edin. Bunun üçün 1 xörək qaşığı nişasta, yumurtanın ağı və kefir lazım olacaq. Bütün ərzaqları qarışdıraraq, 10-15 dəqiqə dəridə saxlayıb ilıq su ilə yuyun. Bu maskadan sonra dəriniz nəzərəçarpacaq dərəcədə elastik olacaq.
Dərini ağartmaq üçün 1 xörək qaşığı nişasta, 1 stəkan su, 1 xörək qaşığı xama və 2 xörək qaşığı kök şirəsi lazım olacaq. Bütün inqrediyentləri qarışdırdıqdan sonra üzdə 10 dəqiqə saxlayıb ilıq su ilə yaxalayın.
Dəriniz təbii parıltısını itiribsə, onun skraba ehtiyacı var. Odur ki, dərhal bu maskanı hazırlamağa başlayın. Maskanı hazırlamaq üçün 1 xörək qaşığı nişastanı 1 çay qaşığı duzla qarışdırıb içinə 1 xörək qaşığı bal əlavə edin. Maskanı üzə astaca masaj edərək çəkin. 3-4 dəqiqə masaj etdikdən sonra ilıq su ilə yuyun. Beləcə, xırda qırışlarla da vidalaşacaqsınız.
Əgər həssas dəri tipinə sahibsinizsə, o zaman ona incə yanaşmaq lazımdır. Maskanı hazırlamaq üçün 1 xörək qaşığı nişasta, 1xörək qaşığı südü, 1 çay qaşığı şaftalı yağını qarışdırın. Nəzərə alın ki, onu üzdə 15 dəqiqə çox saxlamaq olmaz.
Piqment ləkələrinin, görünən çillərin öhdəsindən gəlmək üçün 1 xörək qaşığı kartof nişastasına bir damcı limon şirəsi əlavə edib gözlərin və dodaqların ətrafını çıxmaq şərtilə üzünüzə çəkin. Maskanın effekti artıq ilk tətbiqindən sonra nəzərə çarpır. Limon şirəsini Hidrogen peroksidlə də əvəz etmək olar.
Nişastadan maska ilə yanaşı, əl-üz yuyucu vasitəsi kimi də istifadə etmək olar. Bunun üçün 1 litr təmiz su ilə 1 çay qaşığı nişastanı qarışdırın.