İsveçin Viken şəhərində kassiri və mühafizəçisi olmayan ilk mağaza fəaliyyətə başlayıb. Onların əvəzinə bu işi smartfon yerinə yetirir.
“ICTnews” Elektron Xəbər Xidməti “Payspacemagazine” resursuna istinadən yazır ki, avtomatlaşdırılmış mini-supermarket açmaq ideyası yerli İT mütəxəssisi Robert Eliasona məxsusdur. Belə ki, o, insan əməyini tam əvəz edən mobil proqram hazırlamağa nail olub.
Mağazanın sutka ərzində fəaliyyət göstərməsinə baxmayaraq onun qapıları həmişə bağlıdır. İçəriyə daxil olmaq üçün alıcı smartfon əlavəsində avtorizə olunmaqla, sadəcə, barmağını ekran üzərinə toxundurmalıdır.
Ticarət zalında istehlakçı malların ştrix-kodlarını özü skan etmək məcburiyyətindədir. Çünki mağazada kassanın olmamasına görə alış-veriş üçün ödəniş hər alıcıya ayda bir dəfə gəlir. Mobil əlavədə, həmçinin hamının mağaza çeşidində hansı malın çatmamasını qeyd edə biləcəyi alıcılara dəstək xidməti yer alacaq.
Ən böyük problem isə təhlükəsizlikdir. İT mütəxəssisi hələlik öz kəşfinin mühafizəsinin öhdəsindən müstəqil gələ bilir. Mağazada ticarət nöqtəsinin içərisində bütün hərəkətlərə reaksiya verən kameralar quraşdırılıb. Əgər giriş qapılarının sındırılmasına cəhd göstərilsə, onlar bunu qeydə alır və dərhal R.Eliasonu bu barədə məlumatlandırır, bunun sayəsində ideya müəllifi hadisə yerinə bir neçə dəqiqəyə gələ bilir.
R.Eliason bir neçə müddətdən sonra ölkənin digər yaşayış məntəqələrində bir neçə belə mağaza açmağı planlaşdırır.
Qeyd olunur ki, şəbəkə supermarketləri bazarda kiçik ərzaq mağazalarını sıxışdırdıqca, belə ticarət nöqtələrinə tələbat artır.