Alimlər sintetik insan geninin yaradılmasını nəzərdə tutan böyük layihə təklifi ilə çıxış edib.Teleqraf.com xəbər verir ki, bu barədə “The İndependent” qəzeti yazıb.
Qeyd olunur ki, bu məsələ əvvəllər çox ciddi etik və hüquqi suallar doğurmuşdu. Buna baxmayaraq, dünyanın 25 aparıcı genetiki bəyan edib ki, İnsan Genomu Layihəsi (Human Genome Project - HGP) nə qədər ziddiyyətli görünsə də, indi tədqiqatların ən böyük sahəsinə çevrilib.
Alimlər bildirirlər ki, layihə bu günə qədər “HGP oxu” adlanırdısa, bundan sonra “HGP yaz” adlanmalıdır. Bu layihə bir çox irsi və sağalmaz xəstəliklərin müalicəsinə potensial olaraq yol açsa da, bir sıra təhlükəli sui-istifadələrə - məsələn dizayn edilmiş uşaqların doğulmasına imkan verə bilər.
"Science" jurnalında dərc etdikləri məqalədə alimlər razılaşırlar ki, tamamilə sintetik genin yaradılması müəyyən mənfiliklərə səbəb ola bilər. Bu təhlükələrdən biri də insanın cinsi hüceyrələrinin dəyişdirilməsinə imkan yaranmasıdır. Bu hüceyrələrə müdaxilə, məsələn, irsi xəstəliklərin önlənməsi zamanı tələb oluna bilər.
Bir sıra alimlər bu qənaətdədirlər ki, bu məsələnin ciddiliyi, bütün hüquqi, etik və sosial məsələlərin hələ tədqiqatlar başlamadan həll edilməsini tələb edir.