Teleqraf.com-un məlumatına görə, N.Ünüvar xalqın “hə” deməsi ilə başa çatan referendumda itirənin olmadığını, aprelin 16-da bütün Türkiyənin qazandığını vurğulayıb.
N.Ünüvar yaydığı yazılı açıqlamada seçki qutusundan çıxan bülletenlərlə millətin demokratiyaya olan inamının bir daha təsdiqini tapdığını bildirib. Deputat kampaniya müddətində konstitusiya dəyişikliyi paketində yer alan maddələri və prezidentlik üsul-idarəsini vətəndaşlara izah etmək üçün qapı-qapı gəzdiklərini deyib: “Çox şükürlər olsun ki, xalqımız bütün bu çalışmalarımızı, cəhdlərimizi qarşılıqsız qoymadı və “Tək millət, tək vətən, tək bayraq” deyərək, güclü sabitliyə, Türkiyənin gələcəyinə səs verdi. Dolayısıyla, seçki qutusundan çıxan 25 milyonun “hə” deməsi ilə birgə qazanan millət, demokratiya və Türkiyə oldu”.
Respublika tarixində ilk dəfə sivil yolla, siyasət yolu ilə idarəetmə sisteminin dəyişdirildiyini qeyd edən N.Ünüvar daha sonra deyib: “16 aprel daha böyük, daha güclü və daha sabit Türkiyə uğrunda atılacaq addımlar üçün bir miladdır. Millət vəzifəsini yerinə yetirmiş, referendumda yeni bir yol xəritəsi cızıb. Türkiyə millətin cızdığı yeni yol xəritəsilə böyük hədəflərinə doğru artıq daha qərarlı, güclü və sabit bir şəkildə gedəcəkdir. Ölkəmizi aydın sabahlara yetişdirəcək tarixi səsverməni “məmləkət məsələsi” kimi görüb, Türkiyənin uğurlarına sahib çıxan millətimizə bizlərə göstərdikləri etimada və konstitusiya dəyişikliyinə səs verdikləri üçün təkrar təşəkkürlərimi bildirir, qutudan çıxan nəticənin ölkəmizə, millətimizə xeyirli olmasını diləyirəm”.
Səxavət