Onu da qeyd edək ki, ABŞ artıq 10 ildən çoxdur, Pxenyanı necə deyərlər "qara siyahı"ya salıb. Hələ oğul Buş prezident olduğu zaman Şimali Koreyanı "şeytan üçbucağı"nın bir tərəfi kimi göstərmişdi. Amma buna baxmayaraq, nə onun, nə də ondan sonrakı prezident Obamanın dövründə Şimali Koreya problemi həll edilmədi. Vaxt qazanan Şimali Koreya isə bu illərdə hərbi sənayesini inkişaf etdirdi. Son vaxtlar bu ölkə artıq bir neçə nüvə ballistik raket sınağı keçirib.
Sabiq dövlət müşaviri, politoloq Rasim Musabəyov isə hesab edir ki, Şimali Koreya dünyanı təhdid etsə də, əslində onun nə müasir raketləri, nə də hidrogen bombaları var:
"Onlarda olan silah primitivdir və ABŞ-a çatacaq vəziyytdə deyil. Eyni zamanda Şimali Koreyanın raketləri idarəetmə sistemi də köhnə nəsil elektronikasıdır. Harasa raket tuşlamaq o demək deyil ki, raket ora qədər gedəcək və hədəfə çatacaq. Yəni məsafə arta bilər, amma dəqiqlik artımı? Məsələ bundadır. Şimali Koreyanın nə ciddi texnologiyası, nə də peyk vasitəsilə raketləri idarə etmə sistemi var".
Rasim Musabəyov qeyd edib ki, Şimali Koreyanın nüvə silahı əldə etməsi və nüvə proqramı yaratması faktdır. Onun sözlərinə görə, bu, həm də oğurluq nəticəsində baş verib:
"Şimali Koreya vaxtilə nüvə texnologiyasını SSRİ-dən və Çindən alıb. Və vətəndaşlarını qırmaq hesabına ordunun güclənməsini təmin edir. Bu bəlkə də planetdə olan sonuncu diktatura rejimidir. Onun xalqa yazığı gəlmir".
Politoloq bildirib ki, Şimali Koreyada indiki rejimin əsas memarı olan Kim İr Sen sovet ordusunun kapitanı olub:
"Onu sovet ordusu tankda aparıb Pxenyanda vəzifəyə oturdub. Daha sonra SSRİ və Çinin himayəsində olublar. Məsələn, Koreya müharibəsi zamanı havada sovet təyyarəçiləri, yerdə isə Çin ordusu qarşı tərəfi qırıb Pxenyanı müdafiə edirdi. İndi də Pxenyan öz vətəndaşlarının qanı və canı hesabına ordu saxlayır və elə bilir ki, dünyaya meydan oxuyur".
R.Musabəyov deyib ki, Şimali Koreya rejiminin qazandığı pul daha çox narkotik satışından əldə edilir: "Eləcə də saxta pul çap etməklə qazanc götürüblər. İndi də deyir ki, mənə imkan verin ki, bu qələti davam etdirim. Artıq Pekin də başa düşür ki, Şimali Koreya irrasional rejimdir. Şimali Koreyanın qanuni ixracı daş kömür idi. Çin də deyib ki, daha daş kömür almayacaq, çünki Pxenyan artıq Çinin də sözünə qulaq asmır".
Pxenyana nüvə sınaqlarından əl çəkməsi barədə mesaj verilsə də, onlar bu istiqamətdə fəaliyyətlərini davam etdirir. Halbuki bu ölkə əvvəllər Nüvə Silahının Yayılmaması haqda müqaviləyə imza atıb. Məhz bu müqavilə əsasında Moskva və Pekin Pxenyana mülki nüvə texnologiyası ilə bağlı yardım edib. Pxenyan isə lazımı mərhələni keçdikdən sonra Nüvə Silahının Yayılmaması haqda müqavilədən çıxıb və nüvə silahı əldə etmək işini sürətləndirib. BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsi isə Pxenyanın bu addımını qadağan edib. Lakin beynəlxalq çağırışlar qulaqardına vurulur.
Rasim Musabəyov deyir ki, elə bu səbəbdən hazırda Çinlə Rusiya Amerika və Qərb dövlətlərinin Şimali Koreyanın nüvə və raket sınaqlarını dərhal dayandırması haqda mövqelərini bölüşür:
"Bu məsələdə vahid mövqe var. Əgər vahid mövqe olmasaydı, BMT Təhlükəsizlik Şurası belə qərarlar çıxara bilməzdi. Əksinə, Çin və Rusiya veto hüququndan istifadə edərdi. Sadəcə olaraq, Moskva və Pekin çalışır ki, ABŞ-ı gücdən istifadə etməkdən yayındırsın. Çünki hərbi gücün istifadə edilməsi yüz minlərlə tələfat deməkdir. Nəzərə almaq lazımdır ki, Cənubi Koreyanın paytaxtı Seul Şimali Koreya sərhəddindən 80 kilometr uzaqlıqda yerləşir. Seula raketlər də, nüvə silahı da çata bilər. Təsəvvür edin ki, bu halda 7-8 milyonluq bir şəhər dağılar. Hətta atom bombası olmasa belə, Pxenyanın ordusu hazırlıqlıdır. Bu ordu sadəcə sərhədi keçsə, milyonlarla insan ölə bilər. Odur ki, Pekin və Moskva hesab edir ki, Pxenyanı ağıla gətirmək üçün başqa üsullardan istifadə edilməlidir".
Politoloq Şimali Koreya rejiminin hətta nüvə silahından istifadə edə biləcəyini də deyib:
"Əlbəttə, nəticə bəllidir. O mənada ki, sonda Şimali Koreyanı xəritədən siləcəklər. Ancaq bu, həm də o deməkdir ki, milyonlarla insanın həyatına son qoyulacaq. Bunun qarşısında kim dura bilər? Odur ki, bu rejimlə bağlı narahatlıq illərdir ki, davam edir. Ortada isə konkret nəticə yoxdur".
CAVAD