"Bu, çox ədalətsiz və Avropa Şurasının təməl prinsiplərinə zidd bir qərardır. Türkiyə 1949-cu ildə Avropa Şurasını yaradan, təsis edən dövlətlərdən biridir. Başqa sözlə, Türkiyə Avropa dəyərlərinin sütunlarından, Avropa və dünya siyasətində ciddi rol oynayan siyasi fiqurlardan biridir. Bu gün Türkiyəyə qarşı Avropanın müəyyən dairələri sözün əsl mənasında səlib yürüşünə başlayıblar".
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.
O bildirib ki, ötən il Almaniya parlamentində uydurma erməni soyqırımının tanınması, bu il Avropanın bəzi ölkələrində Türkiyənin referendumla bağlı tədbirlər keçirməsinin əngəllənməsi, hətta qadın nazirinin qolundan tutaraq zorla ölkədən xaric edilməsi Avropanın üz qaraldan hərəkətləridir: “Türkiyə əleyhinə belə bir qərarın qəbul edilməsi anti-türk kampaniyasının artıq növbəti mərhələsinin baş tutduğunu göstərir. Prosedur qaydaları pozmaqla tələsik qərar qəbul edilməsi, Türkiyənin əməkdaşlıqla bağlı istəyini ortaya qoymasına baxmayaraq, onun yenidən monitorinq prosesinə qaytarılması yolverilməzdir. Bu, Avropa dəyərlərinə, insan hüquq və azadlıqlarına, demokratiyaya ziddir. Avropa Şurası tarixində heç zaman hansısa bir ölkə post-monitorinq mərhələsindən monitorinq mərhələsinə qaytarılmayıb. Avropa Şurası heç zaman uydurma qərarlarla hansısa ölkəni ittiham etməyib. Son zamanlar isə belə halların baş verməsi, əlbəttə, Avropa regional təşkilatlarının artıq böhran keçirdiyini, onların yenilənməyə, yeni təfəkkürə ehtiyacı olduğunu göstərir. Eyni zamanda bu cür addımlar Avropanın özünün siyasi nüfuzunu laxladır”.
A.Mirzəzadə qeyd edib ki, Türkiyə bu gün PKK terror təşkilatına qarşı çox ciddi mübarizə aparır. Amma AŞPA PKK-nı öz qanadı altına alır, ona siyasi dəstək verir: “Nəzərə almır ki, nə zamansa bu, onun özünə çox böyük problemlər yarada bilər. Necə ki, vaxtilə Azərbaycanda, Türkiyədə terror aktları baş verdikdə Qərbdə bunu ikinci dərəcəli məsələ sayırdılar. Amma terror artıq bu sərhədləri keçərək dünən Nyu-Yorkda, bu gün isə Parisdə, Brüsseldə, Almaniyada baş verir. Göründüyü kimi, hansısa bir məsələni diqqətə almamaq, yaxud onunla bağlı səhv qərar vermək nəticədə təşəbbüskarın özünə ziyan vurur”.
Müsahibimiz onu da bildirib ki, Azərbaycan bu cür qeyri-demokratik, qeyri-hüquqi münasibətlə dəfələrlə üzləşib. Vaxtaşırı Azərbaycana qarşı siyasi məhbus oyunları tətbiq edilib: “Kristofer Ştrasserin Azərbaycanı təftiş edən monitorinqə cəhd etməsi, Azərbaycanın daxili işlərinə qarışması bu qəbildən olan məsələlərdir. Həmçinin, bu gün beynəlxalq hüquq normalarını kobud surətdə pozan, digər ölkənin ərazisini işğal edən Ermənistana liberal münasibət göstərirlər. Hesab edirəm ki, Avropa dayanmalı və düşünməlidir. Nə etdiyinin fərqinə varmalıdır. Burdan artıq anti-Şərq, anti-müsəlman ab-havası gəlir və bu, heç də yaxşı nəticələnə bilməz. Azərbaycan dost və qardaş Türkiyə ilədir. Onun siyasətini, öz daxili həyatını özü istədiyi kimi qurmaq hüququnu müdafiə edir. Türkiyəyə olan münasibət artıq sivilliyə olan münasibətdir. Avropa öz sivilliyini itirməməlidir”.
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının aprelin 25-də keçirilən yaz sessiyasında Türkiyədə demokratik institutların fəaliyyəti barədə məruzələr dinlənilib. Sessiyada Türkiyənin postmonitorinqdən monitorinq prosesi altına salınmasına dair qərar qəbul olunub.
Səxavət HƏMİD