1 May 2017 15:14
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürd məsələsi ABŞ üçün strateji əhəmiyyət daşıyır.

Həm də təkcə ABŞ üçün deyil, eyni zamanda Avropa Birliyi, İsrail və Britaniya üçün. İsrail və Britaniya ABŞ-ın strateji müttəfiqləridir. Bu üç ölkə kürd kartından həm Türkiyə, həm İraq, həm də Suriya və İrana qarşı istifadə edirlər. Yəni bütün regiona nəzarət etmək üçün ABŞ yeni strateji kart ələ keçirib. Odur ki, ABŞ kürd kartından asanlıqla vaz keçməyəcək.

Bunu Teleqraf.com-a təhlükəsizlik məsələləri üzrə mütəxəssis Sülhəddin Əkbər Vaşinqtonun açıq şəkildə PKK, PYD və YPG-yə son günlər verdiyi hərbi dəstəyin səbəblərini şərh edərkən deyib.

Milli Təhlükəsizlik Nazirliyinin sabiq birinci müavinin sözlərinə görə, əslində, bu məqamları Türkiyə də bilir:

“İraqda kürd muxtar qurumu yaradıldı. Bu qurum zaman-zaman referendum keçirərək müstəqilliyini elan edəcəyini bildirir. Eyni zamanda İran, Türkiyə və Suriyada kürdlər koordinasiyalı mübarizə aparır. Aydındır ki, xarici dəstək olmadan bu, qeyri-mümkündür. Ankara da bunu anlayır və bilir ki, artıq Suriyanın şimal hissəsində yeni kürd regional qurumu yaratmaq planı var. Hazırda Türkiyə bu planın qarşısını almaq istəyir. Çünki Suriyada yeni bir regional kürd dövlətinin yaradılması faktiki olaraq PKK, PYD və YPG-nin ruhlanmasına səbəb olacaq. Bu da Türkiyə daxilində proseslərin aktivləşməsinə təkan verəcək. Üstəlik sonrakı mərhələdə İraq və Suriyadakı federal kürd muxtariyyətlərinin birləşəcəyi təqdirdə İraqın şimalından Aralıq dənizinə qədər bir kürd zolağı yaranacaq. Bu halda Türkiyə Osmanlı coğrafiyası hesab olunan ərəb dünyası ilə birbaşa əlaqələrini itirəcək. Həm də bu ərazidən enerji daşıyıcılarının daşınması layihələri nəzərdə tutulub. Odur ki, bu hal Türkiyənin geopolitik, geostrateji və geoiqtisadi maraqlarına ziddir. Məhz bu məsələdə Türkiyənin maraqları ABŞ və Rusiyanın maraqları ilə toqquşur. Bu gərginliyin asanlıqla həll edilməsi ehtimalı da azdır. Türkiyə məsələsinin ciddiliyini anladığı üçün ABŞ-la gərginliyi inkişaf etdirir. Bu siyasətin hansı nəticə verəcəyini irəlidə görəcəyik”.

Mütəxəssis hesab edir ki, Türkiyə bu məsələdə sonuna qədər dirənməli, sərhədində yeni bir kürd federal quruluşunun yaranmasına imkan verməməlidir:

“Rəsmi Ankara ABŞ-ı konkret dilemma qarşısında qoymalıdır - NATO üzvü olan müttəfiqi Türkiyəmi, yoxsa terror təşkilatı - dilemması qarşısında! Əgər ABŞ belə sərt dilemma qarşısında qalmasa, mən onun bu strateji siyasətindən vaz keçəcəyini zənn etmirəm”.

S. Əkbər hesab edir ki, son günlər ABŞ-ın YPG ilə Türkiyə hərbi qüvvələr arasında özünün hərbçilərini yerləşdirməsi faktının özü Vaşinqtonun kürd kartına nə dərəcədə əhəmiyyət verdiyinin göstəricisidir:

“Unutmayın ki, kürd kartına ABŞ 1991-ci ildən bu yana vaxt, zaman, enerji və böyük maliyyə xərcləyir. Birinci İraq savaşından başlayaraq bu strategiya həyata keçirilir. Xatırlayırsınızsa, ata Buş zamanında “Çöl Fırtınası” əməliyyatı zamanı 36-cı paralelin şimalında yasaq bölgəsi qoyulmuşdu. Məqsəd isə Səddam rejiminin şimali İraqa daxil olmasını yasaqlamaq və burada kürd muxtar qurumunun yaradılması üçün münbit şərait formalaşdırmaq idi. İndi Tramp komandası da analoji siyasət aparmaq, təhlükəsizlik bölgələri qurmaq istəyir. Əgər təhlükəsizlik bölgəsi yaradacaqlarsa, bilin ki, ilk bölgə Suriyanın şimalı olacaq”.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ PKK-nın Suriya qanadı olan YPG və PYD-ni qorumaq məqsədilə Türkiyə ilə sərhəddə müəyyən qüvvə toplayıb.

CAVAD


Müəllif:

Oxşar xəbərlər