Bəhram Qasiminin bu cümlələri ona görə analiz edilməlidir ki, o bu fikirləri ilə Tehranın Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmasını ortaya qoyur.
Teleqraf.com xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin hazırladığı analitik yazıda öz əksini tapıb.
Daha sonra materialda Bəhram Qasiminin cümlələri sıralanır:
“1. Dağlıq Qarabağ münaqişəsinin həllində iki əsas amil – zaman və münaqişə tərəflərinin ciddiliyi əsas rol oynayır.
2. Münaqişənin həllində çoxlu faktorlar rol oynayır. Sonda onların hamısı birləşməlidir ki, böhran həllini tapsın.
3. Bu böhranın bir şəxs və ya ölkə tərəfindən həll edilə biləcəyi ilə bağlı söylənən fikirlər düzgün deyil.
4. Münaqişənin çözümü onun həllində rolu ola biləcək bütün amillərin həmrəyliyi ilə mümkündür.
5. Qarabağ böhranını xalqın roluna diqqət etmədən həll etmək mümkün deyil. Xalqın bu münaqişənin həllində rolu həlledici olacaq”.
Yazıda bildirilir ki, iranlı diplomatın sonuncu cümləsindəki “xalqın rolu” ifadəsi diqqəti cəlb edir:
“Söhbət hansı xalqdan gedir? Bu cümlədən aydınlaşdırmaq çətindir ki, iranlı diplomat Azərbaycan xalqının rəyini nəzərdə tutur, yoxsa Dağlıq Qarabağda yaşayan ermənilərin. Çünki iranlı diplomat bu cümlədə “xalqlar” ifadəsini cəm halında işlətmir, ancaq bir xalqdan söhbət getdiyinə işarə edir. Əgər İran Xarici İşlər Nazirliyinin sözçüsü “böhranın həllində xalqın rolu vacibdir” deyərkən Azərbaycan xalqının mövqeyini nəzərdə tutursa, bu halda Azərbaycan cəmiyyətinin məsələyə münasibəti həllidir: işğal altındakı torpaqlar istənilən yolla azad olunmalıdır! Əgər iranlı diplomat Dağlıq Qarabağda yaşayan erməniləri nəzərdə tutursa, onlar separatçı liderlərinin təzyiqi altındadırlar və indiki durumun davam etməsini istəyirlər. Yəni ortada bir-birinə zidd iki xalq mövqeyi var və elə buna görə də münaqişənin həlli uzanır”.
Qeyd olunur ki, iranlı diplomatın “çoxlu faktorlar biləşməlidir ki, münaqişə həll olunsun” və “münaqişənin həlli bütün amillərin həmrəyliyi ilə mümkündür” fikirləri də maraqlıdır:
“Söhbət hansı çoxlu faktorların birləşməsindən və həmrəylikdən gedir? Azərbaycan üçün əsas faktor ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması və məcburi köçkünlərin geri qayıtmasıdır, Ermənistan hakimiyyəti üçün tam tərsinə – statusu müəyyənləşdirən referendumun keçirilməsidir. Bu iki yanaşma da eyni sənəddə əks oluna bilmir. Elə buna görədir ki, Minsk Qrupu həmsədrləri 20 ildən çoxdur bu iki ziddiyyətli prinsipi vahid sənədə daxil edə bilmirlər və danışıqlar nəticə vermir. Buna baxmayaraq, iranlı diplomat bütün ziddiyətli “faktorların” hamısının nəzərə alınması vacibliyini bildirir. Bu isə mümkün deyil”.
“Atlas” bildirir ki, iranlı diplomatın “bu böhranı bir şəxs və ya bir ölkə həll edə bilməz” fikri isə böyük ehtimalla Rusiyaya aiddir: “Çünki son illərdə iki həmsədr dövlət – Fransa və ABŞ faktiki Dağlıq Qarabağ münaqişəsinin həlliylə məşğul olmurlar. Münaqişənin həllindəki əsas vasitəçi dövlət Rusiyadır. Son illərdə prezidentlərin və xarici işlər nazirlərini görüşləri məhz Rusiya ərazisində keçirilir. Ona görə də iranlı diplomat “bir ölkə” deyərkən böyük ehtimalla Rusiyanı nəzərdə tutub. Bu, o deməkdir ki, Tehran Rusiyanın təkbaşına vasitəçiliyinə qısqanclıqla yanaşır, Kremlin İranın da bölgədəki maraqlarının nəzərə almasını istəyir.
Maraqlı situasiya yaranır. Tehranla Moskva Suriya məsələsində və ABŞ-a qarşı müqavimətdə müttəfiqdirlər. Ancaq Qarabağ məsələsinin həllində Tehran Moskva ilə fikir ayrılığına malikdir. İranın iki qonşusu – Azərbaycan və Ermənistanla sıx əlaqələri var. Ona görə də Tehran arzu edir ki, Bakı, İrəvan və Moskva Qarabağ danışıqlarında İranın da regional oyunçu statusunu nəzərə alsınlar”.
Qeyd olunur ki, Bakı, İrəvan və Moskva İranla əməkdaşlıqda maraqlıdırlar, ancaq hər üç ölkə İranın Qarabağ münaqişəsinin həllindəki vasitəçilik təşəbbüslərinə ehtiyatla yanaşır:
“Hər üç ölkənin öz arqumentləri var. Cənubi Qafqazdakı maraqları Rusiyaya imkan verir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində başqa ölkə ilə məsləhətləşməsin və bu mənada Kremlin bu mövzuda Tehranla dialoquna ehtiyacı yoxdur. Rusiyanın arqumenti budur.
Ermənistanın arqumenti budur ki, Tehran İrəvanla sıx əlaqələrə malik olsa da, Ermənistan hakimiyyəti İranın Qarabağ münaqişəsinin həllindəki fəallığına şübhə ilə yanaşır. Qorxur ki, İran son anda müsəlman qonşusunun tərəfini tuta bilər. İrəvan eyni zamanda İranda yaşayan azərbaycanlıların Tehranın Qarabağ siyasətinə təsir imkanlarından çəkinir.
Azərbaycanın arqumenti isə budur ki, İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, Ermənistanla şübhəli əlaqələrə malikdir, bu ölkə ilə ortaq layihələr həyata keçirir və Tehran birmənalı olaraq Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması fikrini səsləndirmir.
Bu arqumentlər ondan xəbər verir ki, İranın Cənubi Qafqaz siyasətində suallar çoxdur və heç bir qonşusu ona sona qədər etibar etmir”.
Səxavət