2 May 2017 17:56
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasiminin ifadə etdiyi fikirlər çox dolaşıqdır. Məsələn, o bildirir ki, Qarabağ məsələsi çox mürəkkəb məsələdir, bir dövlətin səyləri ilə həll oluna bilməz. Bu, İranın prosesdə iştirak etmək istəməsinə işarədir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli İran Xarici İşlər Nazirliyinin sözçüsünün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son açıqlamasını şərh edərkən bildirib.

Q.Hüseynli qeyd edib ki, Qasiminin “xalqın bu münaqişənin həllində rolu həlledici olacaq” deməsi məsələni həddən artıq tündləşdirir və qarışdırır:

“Söhbət, əlbəttə ki, Dağlıq Qarabağda yaşayan ermənilərdən gedir. Çünki ermənilər orda yaşayan azərbaycanlıları zorla öz yurd-yuvalarından çıxmağa məcbur ediblər. Bu gün azərbaycanlıların orada yaşamağa heç bir imkanları yoxdur. İran nümayəndəsi “xalq” deyərkən heç şübhəsiz ki, Qarabağ ermənilərini və onların iştirakı ilə keçiriləcək və beynəlxalq vasitəçilərin də dəfələrlə bəyan etdiyi referendumdan bəhs etmək istəyir. Amma referendum məsələsi sadəcə, təklifdir. Əvvəla, referendum azərbaycanlılar həmin bölgəyə qayıtdıqdan sonra mümkündür. Çünki azərbaycanlılar orda yaşayan əhalinin ən azı 45 faizini təşkil edir. Üstəlik, referendum Azərbaycan tərəfindən etirazla qarşılanır. Azərbaycan problemin həllində mərhələli həll planına üstünlük verir və ərazi bütövlüyü prinsipindən çıxış edir. Demək istəyirəm ki, referendum hər iki icmanın iştirakı ilə keçirilsə, Qarabağdan qovulmuş azərbaycanlıların geri qaytarılması təmin edilsə, əhalinin nisbətində bərabərlik yarana bilər. Bunun üçün isə uzun illər lazımdır. Bu baxımdan, mən İran tərəfinin bu mövqeyini qətiyyən alqışlamıram. Bu, çox məkrli və ikibaşlı mövqedir”.

Politoloq “İran tərəfi nəyə görə öz ərazisində olan digər xalqların öz fikrini ifadə etməsi, yaxud müqəddəratını təyinetmə məsələlərində zərrə qədər də aktivlik göstərmir, əksinə bu fikrə münasibətdə həddən artıq mühafizəkarlıq nümayiş etdirir, amma məsələ Azərbaycana gələndə burda yaşayan xalqların fikrinə diqqət yetirilməsini tələb edir?! Məgər cənab Qasimi bilmir ki, Azərbaycanda referendum konstitusiyaya görə ölkənin hansısa əlahiddə götürülmüş bir hissəsində yox, bütün ərazisində, yəni, bütün ölkə əhalisinin rəyini nəzərə almaqla keçirilməlidir. Amma təəssüf ki, Qasimi işlətdiyi ifadələrlə Azərbaycan Konstitusiyasının müvafiq maddəsinin varlığından xəbərsiz olduğunu nümayiş etdirir. Yalnız ermənilərin işinə yaraya biləcək, yerli əhalinin – azərbaycanlıların nəzərdə tutulmadığına şübhə olunmadığı bir kəlmədən istifadə edir”.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi Dağlıq Qarabağ münaqişəsinin həlli barədə maraqlı açıqlama verib. İranlı diplomat “Qarabağ böhranını xalqın roluna diqqət etmədən həll etmək mümkün deyil. Xalqın bu münaqişənin həllində rolu həlledici olacaq” deyib. Onun “xalın rolu” ifadəsi müəmma olaraq qalmaqdadır. B.Qasimi “xalq” deyərkən Azərbaycan xalqını, yoxsa Dağlıq Qarabağ ermənilərini nəzərdə tutduğunu açıqlamayıb.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər