Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Heydər Əliyev – dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” mövzusunda ümumrespublika konfransı bildirib.
Onun sözlərinə görə, indi Azərbaycanda həyata keçirilən siyasi və iqtisadi islahatların əsas hədəfi çevik, operativ və effektli idarəçilik sistemi yaradaraq, mövcud daxili imkanlardan daha səmərəli və hərtərəfli istifadə etməklə respublikanın sosial-iqtisadi inkişafını davam etdirmək, Azərbaycanın dünya birliyində tutduğu öncül mövqelərini daha da möhkəmləndirmək və əhalinin artan maddi-mənəvi tələbatını gələcəkdə də dolğun şəkildə təmin etməkdən ibarətdir: “Bu hədəflərə çatmaq üçün xalq- iqtidar birliyinin, sosial və siyasi sabitliyin qorunması çox vacib vəzifələrdəndir və əlbəttə ki, həmin vəzifələrin icrasında təhlükəsizlik xidməti əməkdaşlarının da xüsusi rolu var. Ümummilli liderin yürütdüyü siyasət Azərbaycan Prezidenti İlham Əliyev hakimiyyətə gəldikdən sonra yeni tələblərə uyğun şəkildə və müvəffəqiyyətlə davam etdirilib. Dövlət başçısının göstərişi ilə ölkənin milli təhlükəsizlik konsepsiyası hazırlanaraq qəbul edilib. Konsepsiya dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü, Konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmalarının müəyyən edilməsi məqsədilə hazırlanıb və təhlükəsizlik sisteminin XXI əsrin çağırışlarına cavab verəcək səviyyədə inkişaf etdirilməsini nəzərdə tutub. Bu istiqamətdə lazımi hüquqi baza yaradılıb, texniki təchizat və kadr hazırlığı işi yeni tələblərə uyğun qurulub”.
Əli Həsənov qeyd edib ki, təhlükəsizlik sistemində dövrün tələblərinə uyğun islahatlar aparılması və personalın sağlamlaşdırılması da xüsusi olaraq ölkə rəhbərliyinin diqqətindədir: “Əminik ki, Heydər Əliyevin şah əsəri olan Azərbaycan dövlətçiliyinin qorunması və yeni hədəflərə doğru uğurlu inkişafı naminə milli təhlükəsizlik xidməti öz vəzifə və öhdəliklərini bundan sonra da layiqincə yerinə yetirəcək. Bu yolda hamınıza uğurlar arzulayıram”.
Nərgiz