Əvvəla ona görə ki, Duqin Rusiyada kifayət qədər nüfuza malik politoloqdur. Digər tərəfdən, Duqin həm Kremlin xarici siyasət kursunun “tərcüməçisi”, eyni zamanda, Kremlin siyasətinin ideoloji bazasının formalaşmasında və təbliğində birbaşa iştirak edən simalardandır.
Rusiyanın “Rus dünyası” layihəsinin əsas müdafiəçisi məhz Duqindir. Bəzi mənbələr hətta onu bu layihənin müəllifi adlandırırlar. Məhz bu layihə sayəsində Moskva xüsusilə keçmiş sovet dövlətlərindəki Rusiyanın keçmiş nüfuzunu ideoloji zəmində bərpa etməyə çalışır. Başqa sözlə desək, o, Rusiyanın hazırkı dünya siyasətindəki mövqeyini gücləndirməyə hesablanan ideoloji bazanın icraedicisi qismində də çıxış edir.
Bəs Duqin Bakıda nəyi “tərcümə etməyə” gəlmişdi?
Duqinin səfərlərinin heç biri təsadüfi xarakteri daşımır. Bunun üçün keçən ilin iyulunda Duqinin Türkiyə səfərini xatırlamaq kifayətdir. Belə ki, 14 iyula düşən bu səfər zamanı Duqin Türkiyəni ölkədə hərbi çevriliş olacağı ilə bağlı xəbərdar etmişdi.
Duqin Bakı səfərində də Azərbaycan və Rusiya münasibətlərinin yeni inkişaf istiqamətinin detallarını aydınlaşdırmaq istəyən ideoloji, amma qeyri-rəsmi nümayəndə təsiri bağışlayırdı.
Təsadüfi deyil ki, Duqin Bakıda verdiyi açıqlamasında Maskva-Bakı münasibətlərini yüksək qiymətləndirməklə bərabər, bu əməkdaşlığın inkişaf etdirildiyini də vurğuladı.
Duqin həmçinin Rusiyanın Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi layihələrinin müdafiəçilərindəndir. Əlbəttə, Bakının bu layihələrdən birində iştirakı və yaxud bu qurumlarla əməkdaşlığını daha yüksək səviyyəyə qaldırılması Kremlin siyasi maraqları daxilindədir. Duqin isə bu çevrəni daha geniş təsvir etməsi ilə gündəmə gəlmişdi. Belə ki, politoloq Qərbin ekspansiyasına qarşı dayanmaq üçün Bakı, Moskva, Qazaxıstan və Türkiyənin iştirak etdiyi ittifaq yaratmağı dəfələrlə dilə gətirib.
Bəs Duqin Bakıda nə dedi?
Duqin Bakıda iki mühüm açıqlama verdi ki, bu, onun və Kremlin Bakıya münasibətinin “tərcüməsi” sayıla bilər.
Bunlardan birincisi Azərbaycandakı ruslarla bağlı çıxış idi. Politoloq rusların Azərbaycandakı vəziyyətindən razı olduğunu xüsusi vurğu ilə diqqətə çatdırdı, daha sonra isə Azərbaycanda rus dilinin tədrisini yüksək qiymətləndirdiyini bildirdi.
Rusiyanın nüfuzunun həm də rus dilinin işlənmə dairəsi ilə ölçüldüyü və bununla bağlı şəxsən Prezident Putinin son illərdəki fəaliyyətini, həmçinin bu sahəyə maliyyə ayırdığını nəzərə alsaq, bu fikir altında əməkdaşlığın inkişafı üçün kifayət qədər zəmin olduğu ifadə edildiyini anlamaq mümkündür.
Digər açıqlama isə Qarabağa aid idi. Belə ki, ilk açıqlama Rusiyanın, ikinci açıqlama isə Azərbaycanın maraqlarına uyğun verilmişdi. Duqin çıxışında Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını xüsusilə vurğuladı:
“Əgər tərəflər işğal edilmiş beş rayonun, tezliklə, Azərbaycana qaytarılması ilə bağlı razılığa gəlsələr, bu, Rusiya-Azərbaycan əməkdaşlığında çox vacib məqam olacaq. Qarabağın özü və qalan iki rayonla bağlı vəziyyət isə daha mürəkkəbdir və daha çox vaxt tələb edə bilər".
Əslində Duqin burada həm də Kremlin mövqeyini ortaya qoydu. Politoloqun verdiyi açıqlamanın ilk hissəsindəki Rusiya-Azərbaycan əməkdaşlığı ifadəsi xüsusi əhəmiyyət daşıyır. Görünür, bununla Duqin Moskvanın planının olduğunu, bunu reallaşdırmağa çalışdığını və əvəzində Moskvanın Bakıdan nələrsə gözlədiyini ifadə edir. İstənilən halda məhz Duqin Bakıda Rusiyanın Qarabağ üçün nəzərdə tutduğu siyasi həll variantının nəzəriyyəsini təqdim etdi.
Qeyd edək ki, Duqin bundan öncə dediyi sözləri Bakıda bir qədər fərqli formada, ancaq inkişaf etdirilmiş şəkildə dilə gətirməklə, əslində, Rusiyanın Qarabağla bağlı mövqeyində Azərbaycanın maraqlarına uyğun dəyişiklik olduğunu büruzə verdi.
Xatırlatma üçün Duqinin əvvəlki açıqlamasına diqqət edək: “Status-kvo Rusiyaya əlverişlidir. Beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır, lakin kimsə Qarabağda status-kvonu dəyişdirmək istəsə, biz müharibəyə müdaxilə etməyə məcbur olacağıq, bu isə hamının itki verməsi deməkdir. Geosiyası nöqteyi-nəzərdən Rusiya bir məsələdə maraqlıdır: Dağlıq Qarabağda status-kvo saxlanılsın. Bəzi problemlər var ki, biz orada münaqişələrdə maraqlıyıq. Qarabağda isə sülh bizə əlverişlidir. Qarabağ uzun müddət dondurulmuş münaqişə olaraq qalacaq”.
Göründüyü kimi, Duqinin Bakı səfəri və bu səfərdə işlətdiyi ifadələrlə Kremlin Qarabağ siyasətində maraqlarını Azərbaycanın maraqları ilə uzlaşdırmaq istiqamətində daha cəlbedici təkliflər səsləndirdiyini müşahidə etməmək mümkünsüzdür.
Əlbəttə, “iki rayon və Dağlıq Qarabağ məsələsi daha mürəkkəbdir” ifadəsi Azərbaycanın maraqlarına uyğun deyil. Ancaq bu ifadə Duqinin “Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır” bəyanatında kompensasiya edilib.