3 May 2017 14:27
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan paytaxtı daha bir mötəbər tədbirə ev sahibliyi etməyə hazırlaşır. Söhbət mayın 4-dən 6-dək Bakıda 4-cü dəfə keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan gedir.

Forumun və prosesin tərəfdaşları UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO kimi beynəlxalq təşkilatlardır. Beynəlxalq səviyyəli tədbir olan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz ətrafında hökumət başçılarını, nazirləri, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərini, yüksək vəzifəli siyasətçiləri, mədəniyyət işçilərini, xoşməramlı səfirləri, jurnalistləri, ziyalıları və sair şəxsləri birləşdirir, müxtəlif milli, mədəni, dini, etnik mənsubiyyətlərə məxsus insanları bir araya gətirir, bu insanlar arasında qarşılıqlı fəaliyyət, səmərəli və intensiv dialoqun yeni, zəruri forma və səviyyələrini yaradır.

Forum çərçivəsində beynəlxalq tərəfdaşlarla birgə ümumilikdə 40-dək sessiya və tədbir keçiriləcək. Bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmlə mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi mövzularını əhatə edəcək.

Sözsüz ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsüdür. Sirr deyil ki, Prezident İlham Əliyevin məqsədyönlü və əsaslı siyasəti nəticəsində Azərbaycan dünyanın mühüm mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib.

Azərbaycan hökuməti IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşünün keçirilməsi təşəbbüsünü də irəli sürüb. Bu təşəbbüs qlobal miqyasda narahatlıq doğuran məsələlərin həlli istiqamətində beynəlxalq təşkilatların müştərək fəaliyyət mexanizminin daha effektiv fəaliyyəti üçün yeni imkanlar yaradacaq.

Onu da qeyd edək ki, forumun yüksək səviyyəli tədbirləri BMT-nin televiziyası və internet resursunda canlı yayımlanacaq. İlk dəfə olaraq, BMT bilavasitə özünün təşkil etmədiyi tədbiri öz kanalları vasitəsilə canlı yayımlayacaq.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti ilə bağlı Teleqraf.com-un suallarını cavablandıran Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu bildirib ki, forum hər şeydən öncə Azərbaycan Prezidentinin qlobal miqyaslı təşəbbüsü və qlobal çağırışlara münasibəti kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, forumun tərəfdaşlarının UNESCO, İSESCO, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar olduğunu nəzərə alsaq, o zaman forumun nə qədər əhəmiyyətli və nufuzlu olduğu haqqında daha düzgün qənaətə gəlmiş olarıq:

“Forum 4-cü dəfədir təşkil olunur və burada mədəniyyətlər və sivilizasiyalararası gərginliklərin aradan qaldırılması, davamlı inkişaf və inklüziv cəmiyyət məsələlərinin müsbət dinamika üzrə inkişafını təmin etmək və başqa bu kimi ali məqsədlərin həll olunması üçün çoxsaylı fikirlər səsləndirilir, ideyalar irəli sürülür. Bütün bunlar əslində beynəlxalq münasibətlər sisteminin yeni və daha humanist gələcəyinin inşa edilməsinə xidmət göstərən mədəni seqmentlər rolunu oynayır”.

H.Babaoğlu qeyd edib ki, forumda eyni zamanda Qərb və Yaxın Şərq regionlarındakı mövcud vəziyyətin təhlili ilə yanaşı, Asiya-Sakit okean regionunda da müxtəlif sahələr üzrə yaranmış problemlərin həlli üçün innovativ əməkdaşlıq mexanizmlərinin yaradılması, əldə edilmiş mütərəqqi təcrübənin tətbiqi və paylaşılması kimi məsələlər müzakirəyə çıxarılacaq:

“Bütün bunlar bir daha ölkəmizin dialoq məkanı kimi qlobal çağırışlara verdiyi töhfə olmaqla bərabər, həm də ən aktual qlobal problemlərin müzakirə olunduğu siyasi dialoq mərkəzinə çevrildiyindən xəbər verir. Şübhəsiz ki, bu Prezident İlham Əliyevin siyasi strategiyasının mühüm mədəni komponentlərindən biri kimi səciyyələndirilməlidir”.

Səxavət HƏMİD


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər