Teleqraf.com-un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarasi Dialoq Forumunun əhəmiyyəti qeyd edilib, İSESCO-nun ilk gündən Forumun təsisçisi və fəal iştirakçısı olduğu, Forumun keçirilməsinə böyük dəstək verdiyi bildirilib.
Söhbət zamanı Azərbaycanın sivilizasiyalararası və dinlərarası dialoqa verdiyi töhfənin önəmi vurğulanıb, ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin müsəlman ölkələrinin bir-birinə daha da yaxınlaşması işinə xidmət etdiyi qeyd olunub.
Görüşdə, həmçinin Azərbaycan ilə İSESCO arasında uzun illər səmərəli və uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, İSESCO-nun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsi yüksək qiymətləndirilib, əməkdaşlığımızın bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olunub.
Baş direktor Əbdüləziz bin Osman əl-Tuveycri İSESCO tərəfindən həyata keçirilən işlər və nəzərdə tutulan planlar barədə prezident İlham Əliyevə məlumat verib.