6 May 2017 09:19
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Duqinin Bakıya səfərini təsadüfi hesab etmirəm.

Bu sözləri Axar.az-a açıqlamasında keçmiş diplomat, politoloq Fikrət Sadıqov deyib. Politoloq Duqinin Qarabağ ideyasının Kremlin mövqeyini ifadə etdiyini bildirib:

“Düzdür, beş rayon məsələsi yeni təklif deyil və bu, rəsmi Moskva tərəfindən irəli sürülüb. Ancaq müəyyən problemlər var ki, Duqin onları dilə gətirməyib. Ermənistan irəli sürülən beş rayon müqabilində Dağlıq Qarabağı tanıtdırmaq fikrindədir. Rəsmi Bakı isə bunu birmənalı olaraq rədd edir. Azərbaycan ilkin mərhələdə rayonların mərhələli şəkildə boşaldılmasına, ikinci mərhələdə isə Dağlıq Qarabağ probleminin müzakirəsinə hazırdır. Əgər Rusiya hesab edirsə ki, beş rayon qaytarılmalıdır, onda bu, heç bir şərtsiz baş tutmalıdır. Bu o anlama gəlməməlidir ki, rayonlar boşaldıqdan sonra Dağlıq Qarabağın maraqları nəzərə alınmayacaq. Məsələ ilə bağlı müzakirələr sonrakı mərhələdə davam etdiriləcək”.

Politoloq hesab edir ki, Duqinin Qarabağ ideyası Lavrov planıyla üst-üstə düşür:

“Ancaq incəliklər o qədər mürəkkəbdir ki, bəzi məqamlar Bakıdan asılı deyil. Əgər indi belə bir plan irəli sürülürsə, Rusiya Ermənistanı yeni şərt və tələblərdən çəkindirməlidir. Bunun üçün də ilk növbədə İrəvana təzyiq variantı işə düşməlidir. Duqinin Bakıya səfərini təsadüf hesab etmirəm. Hər halda o, real düşüncəli bir siyasətşünasdır və başa düşür ki, regionun əsas oyunçusu kimi Azərbaycan Rusiya üçün çox önəmli bir tərəfdaşdır”.

Qeyd edək ki, məşhur rusiyalı ictimai-siyasi xadim, filosof, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin mayın 1-də Bakıya səfər edib. Kremlin ideoloqu kimi tanınan politoloq bildirib ki, tərəflər işğal edilmiş beş rayonun tezliklə Azərbaycana qatarılması ilə bağlı razılığa gəlsələr, bu, Rusiya-Azərbaycan əməkdaşlığında çox vacib məqam olacaq. Onun sözlərinə görə, Qarabağ və qalan iki rayonla bağlı vəziyyət isə daha mürəkkəbdir və çox vaxt tələb edə bilər.


Müəllif:

Oxşar xəbərlər