Teleqraf.com xəbər verir ki, bu sözləri bu gün Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “BMT-nin preventiv tədbirlər mədəniyyəti formalaşdırmaq naminə 70 illik fəaliyyəti” adlı panel müzakirəsi zamanı Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
Onun sözlərinə görə, münaqişələr artıq iki ölkənin məsələsi deyil: "Azərbaycan 25 ildən çoxdur münaqişə şəraitində yaşayır. Münaqişənin həll olunması üçün onun erkən vaxtında müraciət edilə bilərdi, lakin bu, heç zaman gec hesab olunmur”.
Araz Əzimov bildirib ki, beynəlxalq qurumlar münaqişələrin həllinə töhfə verməklə, məsələyə beynəlmiləl yanaşma gətirməlidir: “Münaqişələr artıq iki ölkənin məsələsi deyil. Burada məsələ region çərçivəsindən çıxır. Oxşar şəraitin yaranmasına qarşı çıxmaq üçün preventiv tədbirlər görərək və əvvəllər münaqişələrin həlli ilə bağlı təcrübələrdən çıxış edərək sülhün bərqərar olmasına zəmin yaratmaq mümkündür. Lakin bəzən qonşu cəmiyyətlərdə beynəlxalq qanunun tanınması və bu sahədə savadın olması şübhə yaradır.
Beynəlxalq qanun prinsipindən çıxış edərək hər bir tərəf bu qanunlara hörmət etməlidir, beynəlxalq qurumlar cəmiyyətlərə bunu aşılamalıdır. Bu istiqamətlərdə ekspertlər işləməlidir”.
Araz Əzimov qeyd edib ki, yalnız effektiv beynəlxalq əməkdaşlıq dünyada mövcud olan münaqişələrin həllində real rol oynaya bilər: “Münaqişələrin həlli üçün beynəlxalq oyunçular öz səylərini artırmalıdır. Nyu Yorkda oturub münaqişəni analiz etməkdənsə, regionlarla daha sıx işləmək lazımdır. Münaqişə regionları ilə sıx əlaqə qurmaq zəruridir.
Müxtəlif sülhyaratma təşkilatları, o cümlədən ATƏT-in Minsk qrupu hər zaman münaqişələrin həlli üçün effektli alət olmur. Məsələn, ATƏT-in Minsk qrupu həmsədrləri Fransa, Rusiya və ABŞ ilk növbədə öz maraqlarına xidmət edərək öz məsələlərini həll edirlər. Nəticədə biz onların maraqlarının üçbucağında qalırıq və məsələ həll olunmur.
Regional əməkdaşlıq çox vacibdir, lakin tez-tez bu, müəyyən problemlər də yaradır. BMT münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Onları həyata keçirmək lazımdır. Bu qətnamələrdə münaqişənin konkret həll yolu göstərilir. Bu sənədlərə hörmətlə yanaşılmalı və onlar həyata keçirilməlidir. Minsk qrupu buna uyğun hərəkət etməlidir”.
İlhamə ƏBÜLFƏT