8 May 2017 13:17
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Makron Qarabağ məsələsində daha obyektiv olacaq.

Makronun prezident seçkilərində həlledici üstünlüklə qalib gəlməsi həm Fransa, həm də Avropa demokratiyası üçün böyük qələbədir. Çünki Le Pen kimi sağ təmayüllü qüvvələrin hakimiyyətə can atması Avropada tarixən, xüsusən İkinci Dünya müharibəsindən sonra yaranıb formalaşmış liberal dəyərlərin üstündən xətt çəkə, yaxud bu dəyərlərin əhəmiyyətini azalda bilərdi.

Bunu İrəli Partiyasının lideri Emmanuel Makronun mayın 7-də Fransada keçirilən prezident seçkisində qalib gəlməsini Teleqraf.com-a şərh edən politoloq Qabil Hüseynli deyib.

Q.Hüseynli bildirib ki, liberal cərəyanın nümayəndəsi olan Makronun qalib gəlməsi çox yaxşı oldu:

“Zənnimcə, bu, Avropa İttifaqının daha da möhkəmlənməsi işinə xidmət edəcək. Makron Le Pen kimi Avropa İttifaqından çıxmaq, yaxud Avropa İttifaqını dağıdıb yenidən qurmaq kimi sərsəm təkliflərlə çıxış etməyəcək. Əksinə, Avropa İttifaqının dünyada təsirinin, xarici siyasətdə xüsusi çəkisinin artmasına, bir sözlə, Avropa İttifaqının həm iqtisadi, həm siyasi cəhətdən daha təsirli bir qüvvəyə çevrilməsinə yardımını əsirgəməyəcək”.

Politoloq qeyd edib ki, Makron həm gəncdir, həm də çox maraqlı həyat yolu keçmiş bir insandır:

“Bu nöqteyi-nəzərdən belə bir insanın prezident seçilməsi Fransanın rifahı yolunda, digər ölkələrlə münasibətlərinin həlimləşməsində əhəmiyyətli rol oynayacaq. Makronun dövründə Fransa-Almaniya tandemi Avropa İttifaqının lokomotivləri kimi ittifaqın daha da möhkəmlənməsinə, ola bilsin ittifaqdan ayrılmağa qərar vermiş Böyük Britaniyanın yenidən ittifaqa qayıtmasına köməklik göstərəcək”.

Makronun digər ölkələrlə, xüsusilə Azərbaycanla münasibətlərinə gəldikdə isə Q.Hüseynli deyib:

“İstənilən halda bir məqamı qeyd etməliyik ki, fransızlar hər zaman ermənilərə yaxın olub və onları özlərinin kiçik bacısı kimi qəbul ediblər. Mən güman edirəm ki, Makron da bu duyğulardan xali deyil. Amma Makron liberal dəyərlərə daha çox pərəstiş etdiyindən onun dövründə ermənipərəstlik digər dəyərləri açıq şəkildə üstələyərək özünü qabarıq formada büruzə verməyəcək. Ola bilsin, bu “kiçik bacı məhəbbəti” üstüörtülü şəkildə və digər dövlətləri qıcıqlandırmayacaq formada təzahür etsin”.

Politoloq onu da bildirib ki, Makron Le Penə nisbətən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə daha çox məşğul olmağa səy göstərəcək və Fransanın həmsədr ölkə kimi bu məsələnin həllində obyektiv mövqeyi nisbətən güclənəcək: “Bunu nisbətən deyirəm. Mütləq mənada söyləmək çətindir. Makronun dövründə Ollanda nisbətən daha obyektiv mövqe sərgilənəcək”.

Müsahibimiz onu da bildirib ki, Makronun prezident seçilməsi Avropadakı sağ radikal qüvvələrə böyük zərbədir:

“Eyni zamanda liberal dəyərlərin daşıyıcıları üçün ruhlandırıcı nümunədir. Avropanın ən böyük dövlətlərindən biri olan Fransada bu təmayülün təmsilçisinin hakimiyyətə gəlməsi zənimcə, bütün dünyada iqlimin saflaşmasına, pozitiv meyillərin artmasına köməklik göstərəcək”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər