8 May 2017 17:24
1 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com İranda prezident seçkiləri, namizədlər və onların seçilmək şansları, Ali dini liderin hansı namizədə dəstək verməsi, bu seçkilərin İran azərbaycanlılarına təsiri mövzusunda keçmiş diplomat Əfşar Süleymani ilə müsahibəni təqdim edir.

- Əfşar bəy, İranda prezident seçkilərinin indiki mərhələsi daha çox nə ilə fərqlənir?

- Hazırda seçki təbliğatı prosesi davam edir, 6 namizəd öz aralarında rəqabət aparır. Eləcə də canlı debatlar təşkil olunur. Hazırda debatların sonuncu mərhələsi olmalıdır. Bundan başqa, prezidentliyə namizədlər televiziya kanallarında çıxış edərək, proqramlarını xalqa təqdim edir, öz kampaniyalarını aparırlar.

- İctimai rəyə görə, namizədlərin hansının qalib gəlmə şansı çoxdur?

- Bunu dəqiq demək olmaz. Ancaq indiki Prezident Həsən Ruhaninin vəziyyəti yaxşı görünür. Mümkündür ki, seçkilərin II turu olsun. Hələlik Ruhaninin mövqeyi güclüdür. Bəli, seçkilərdə indiki prezidentin müavini Cahangiri də namizəddir. Böyük ehtimalla son mərhələdə Cahangiri namizədliyini Həsən Ruhaninin xeyrinə geri çəkəcək. Digər güclü namizəd Rəisidir. Mümkündür ki, mühafizəkar prezidentliyə namizədlərdən bir-ikisi də Rəisinin xeyrinə geri çəkilsin. Mənim şəxsi qənaətimə görə, seçicilərin 70 faizi seçkilərə gəlsə, Həsən Ruhani I turda qalib olacaq. Yox, əgər seçkilərə 55-60 faiz seçici gələrsə, bu zaman II tur olacaq. Mənzərə bu cürdür.

Həsən Ruhaninin rəqibləri Əhmədinecatın dövründə nə qədər qüsurlar və problemlər yaranıbsa, bunun hamısını Ruhaninin üzərinə yıxmağa çalışırlar. Normalda isə Ruhani birinci prezidentliyi müddətində xarici və daxili siyasətdə özündən əvvəlki prezidentin yol verdiyi qüsurları müəyyən qədər həll edib. Əgər Əhmədinecatın siyasəti davam edərdisə, ölkə pis duruma düşə bilərdi. Ruhani prezident olandan sonra işlər irəli gedib. Təsəvvür edin ki, Əhmədinecatın dövründə inflyasiya 40% idi, indi 10%-dən yüksək deyil. Həmçinin nüvə probleminə dair saziş imzalanıb, sanksiyaların sayında azalma müşahidə olunub, neft ixracatı çoxalıb, eyni zamanda İran satılan neftin pulunu geri ala bilib, işsizlik təxminən 4-5 faiz azalıb. Bu irəliləyişlər Ruhaninin dövründə baş verib.

- İranın ali dini rəhbəri seçkilərdə konkret hansı namizədi dəstəkləyir?

- Konstitusiyaya görə, ali dini rəhbər ölkədə birinci şəxsdir. Yəni ali dini rəhbərin səlahiyyətləri genişdir. Ancaq ali dini rəhbər kimi dəstəkləyəcəyini konkret elan etməyib, sadəcə olaraq insanları seçkilərdə aktiv iştirak etməyə səsləyib. Əlbəttə, bəziləri yönləndirici fikirlər deyə, təxminən ali dini rəhbərin hansısa namizədi müdafiə etdiyi iddiasını irəli sürə bilər. Amma konkret olaraq ali dini rəhbər namizədlərdən kimisə dəstəklədiyini rəsmən elan etməyib.

- Hazırda Amerikaya münasibətdə İranın ictimai rəyində hansı fikirlər hakim mövqedədir?

- Söhbət xarici siyasətdən gedirsə, ABŞ-ın İrana yuxarıdan aşağı baxması, ona təzyiqlər göstərməsi İran xalqı tərəfindən dəstəklənmir. İndi də Trampın prezidentliyi dövrüdür. Tramp mənfi fikirlər söyləyir, İranı təhdid edir. Sözsüz ki, İran xalqı bu fikirləri müsbət qarşılamır. Ümumilikdə isə İran xarici siyasətinin məqsədyönlü olması və milli mənafeyə uyğun qurulması, digər ölkələrlə İran dövlətinin əməkdaşlığı xalqın əksəriyyəti tərəfindən dəstəklənir. Nəzərə alın ki, 4 il əvvəl 19 milyon seçici Həsən Ruhaniyə səs verib. Ona görə səs verib ki, Ruhani digər ölkələrlə düzgün, balanslı siyasət qurulmalı, dava-dalaş və macəraçı siyasət aparılmamalı olduğunu deyirdi. Yaxşı əməkdaşlıq olmalıdır ki, xalqın rifahına təsir etsin. Məncə, indi də əhalinin əksəriyyəti bu xətti müdafiə edirlər. İran xalqı dava-dalaş istəmir, arzulayır ki, daxili və xarici siyasətlə xalqın və dövlətin mənafeyi qorunsun.

- Mühafizəkar kəsim və onların namizədlərinin şansları necədir?

- İş ondadır ki, Ruhaninin rəqibləri çalışırlar ki, yoxsul və imkanları aşağı olan təbəqənin səsini əldə etsinlər. Bu məqsədlə aztəminatlı kateqoriyaya daxil olan insanlar üçün müəyyən vədlər səsləndirilir. Bunlar da hesabsız və kitabsız vədlərdir. Vaxtilə Əhmədinecat da deyirdi ki, 5 milyon yeni iş yeri açacağıq, dövlət yoxsullara müavinətlər verəcək və s. Bu yolla səs almaq istəyirlər. Amma demirlər ki, bunu hansı yolla həll edəcəklər. Başqa sözlə, onlar bilirlər ki, bu seçkilərdə yüksək və orta təbəqədən səs ala bilməyəcəklər. Odur ki, aztəminatlı təbəqəyə üz tutub onlara vədlər verirlər.

- Namizədlərin içərisində anti-Amerika mövqeyində olanlar varmı?

- Anti-Amerika ab-havası siz dediyiniz qədər yüksək deyil. Amma Həsən Ruhaninin rəqiblərinin çoxu həm də anti-Amerika mövqeyində olanlardır. Əlbəttə, islahatçılar demirlər ki, biz Amerikadan asılı olaq. Əksinə, deyirlər ki, problemlər varsa, bu, danışıqlar vasitəsilə həll edilsin. Bütün ölkələrlə normal əlaqələr olmalıdır ki, bu zaman dövlətlər bir-birinin maraq və mənafelərini nəzərə alsınlar. Ancaq mühafizəkar tərəf bir qədər radikal mövqedədir. Əslində, ABŞ üçün də əlverişli olan odur ki, İranda radikal mövqedə olanlar hakimiyyəti götürsün. Bu, Tramp üçün əlverişlidir. Əgər Həsən Ruhani deyil, mühafizəkar namizəd seçilsə, bundan ABŞ, İsrail və ərəb ölkələrinin çoxu sevinəcək. Onlar Ruhaninin seçilməməsini istəyirlər. Çünki bilirlər ki, Həsən Ruhani düzgün siyasət aparacaq, əlaqələrin pisləşməsini istəməyəcək, sərt mövqenin gündəmə gəlməsinə çalışmayacaq.

- İran şahının oğlu da ABŞ-da aktivləşib. Sizcə, bu nəyin təzahürüdür?

- Amerikada olan şahı oğlu, əslində, daim İranla bağlı çıxışlar edir. Şahın oğlu öz mövqeyindən çıxış edir, indiki sistemi istəmir və demokratiyadan bəhs edir. Amma məncə, onun İranda ciddi tərəfdarı yoxdur. Odur ki, şahın oğlunun İrana təsiri imkanlarından danışmaq yersizdir. Onun fikirlərinin İran siyasəti üçün önəmi yoxdur. İran xalqının düşüncə tərzinə görə şahın oğlunun tərəfdarlarının sayı çox deyil.

Cavad


Müəllif:

Oxşar xəbərlər