Bunu Teleqraf.com-a açıqlamasında Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib.
Bu ölkədəki durumu şərh edən Sülhəddin Əkbərin fikrincə, Rusiya həmin dövrdə ciddi narahatçılıq keçirirdi: “2014-cü ildə İŞİD kimi terror şəbəkəsi ortada yox idi. Rusları narahat edən məsələ “Əl-Qaidə”nin güclənməsi və Orta Asiyaya sızma reallığı idi. Çünki “Əl-Qaidə”nin sıralarında Orta Asiya, ələlxüsus Özbəkistan mənşəli döyüşçülər var idi. Rusiya düşünürdü ki, Əfqanıstanda boşluq yarana və bu qüvvələr Orta Asiyaya keçə, beləliklə, bu regionda sabitlik pozula bilər. Odur ki, Kreml ciddi narahatlıq keçirirdi”.
Mütəxəssis xatırladıb ki, həmin dövrdə Pakistan öz sərhədlərini möhkəmləndirmək üçün ciddi addımlar atırdı: “Üstəlik Usəma Bin Ladenin Pakistanda öldürülməsindən sonra Pakistan-Amerika münasibətlərində kəskinləşmə baş verdi. Pakistan tərəfi, xüsusilə onun hərbi və xüsusi xidmət orqanları ABŞ-ın onlara xəbər vermədən ərazisində məxfi əməliyyat keçirməsini həzm etmirdi. Rusiya bu məqamdan istifadə edərək, Pakistanla yaxınlaşmağa başladı. Bu da öz nəticəsini verdi. Xüsusilə, kəşfiyyat orqanları arasında sövdələşmələr oldu. Bundan sonra Rusiya Əfqanıstandakı Taiban hərbi qruplaşmasına dəstək verməyə başladı. Rusiyanın Talibana dəstək verməkdə marağı son dərəcə aydın idi. Ruslar çalışırdı ki, Taliban Əfqanıstanın şimalında möhkəmlənsin və bir növ Orta Asiyanın Əfqanıstanla sərhədləri boyunca “Əl-Qaidə arasında tampon bölgə yaratsın. Beləcə, “Əl-Qaidə və onun sıralarında vuruşan Mərkəzi Asiya əsilli döyüşçülərin bu regiona sızmasının qarşısı alınsın. Buna görə Rusiyanın həm Taliban, həm də Talibanın arxasında duran Pakistan xüsusi xidmət orqanları ilə gizli danışıqları oldu. Bu danışıqlar indi mediaya sızır”.
Sülhəddin Əkbərin fikrincə, hazırda Amerika Əfqanıstanda baş verən proseslərdən ciddi narahatlıq keçirir: “Bir tərəfdən ABŞ-ın arxasında durduğu Əfqanıstanın rəsmi hökuməti ölkə ərazisinə nəzarəti itirir. İkincisi, Talibanın nəzarət etdiyi ərazilərin əhatəsi genişlənir. Artıq Talban ölkə hökumətini sıxışdırmağa başlayıb. Bu baxımdan NATO-nun Əfqanıstanda missiyasını genişləndirmək qərarına gəlməsi təsadüfi deyil. Bu ona görədir ki, Rusiya Əfqanıstanda gizli şəkildə təşəbbüsü ələ alıb. Üstəlik Rusiya ilə Pakistanın Əfqanıstan mövzusunda eyni paraleldə hərəkət etməsi ABŞ və NATO-nun belə qərar verməsini şərtləndirir”.
S.Əkbər qeyd edib ki, bu geopolitik qarşıdurmada Pakıstanın da maraqları var. Onun sözlərinə görə, Talibanı yaradan və onun arxasında duran qüvvə Pakistan hərbi kəşfiyyatıdır: “Taliban Pakistan tərəfindən açıq dəstəklənir. İndi bu dəstəyin artması mərhələsi müşahidə edilir. Bununla da Pakistan dərin dövləti, ordusu və kəşfiyyatı Talibana dəstək verir, Rusiya ilə yaxınlaşır və ABŞ-a problem yaradır. Beləcə, ABŞ-ın Pakistanda məxfi əməliyyat keçirməsi və bu zaman onlara öncədən xəbər verməməsinə qarşılıq verilir. Üstəlik Pakistan Əfqanıstanda özünün nüfuz dairəsini genişləndirir”.
Cavad