Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İnsan Hüquqları Komitəsinin üsvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
H.Babaoğlu qeyd edib ki, Rusiya-Azərbaycan münasibətlərinin hazırkı yüksək səviyyəli strateji əməkdaşlıq münasibətlərində olduğu bir dövrdə təşkilatın bağlanmasının gündəmə gətirilməsi Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyən ayrı-ayrı mərkəzlərin məqsədi, hədəfidir:
“Düşünürəm ki, Rusiya hökuməti, ədliyyə, hüquq sistemi bunun baş tutmasına imkan verməyəcəklər. Çünki bu təşkilat Rusiya ilə Azərbaycan arasında həm də mədəni körpü rolunu oynayır. Ordakı Azərbaycan diasporunun nümayəndələri hər biri Azərbaycanın qeyri-rəsmi elçiləridir. Onların hər biri Rusiya-Azərbaycan münasibətlərinə töhfə veriblər. Ona görə də mən düşünürəm ki, Rusiya ədliyyə sistemi rasional düşünərək doğru qərar qəbul edəcək və bu təşkilatın bağlanmasına izn verməyəcək”.
Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyi tərəfindən qaldırılmış iddia əsasında keçirilən məhkəmə prosesində Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv ediləcəyi gözlənilir. Görünür Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətləri yenidən sınaq qarşısında qoymaq istəyindədir. Halbuki, Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşayır, onlar Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilirlər. Rusiyanın Azərbaycan əsilli vətəndaşları fəal seçici və vergiödəyiciləridir. Rusiyanın azərbaycanlı icması iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərində körpü, bu əlaqələrin sağlam məcrada saxlanmasının rəhnidir. Azərbaycan icmasının ən böyük ictimai birliyini qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə ziddir. Bu, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən addımdır.
Məhkəmənin belə qərar qəbul etməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə kölgə salır, onları zədələyir. Bu qərarın qəbul edilməsi Rusiyanın regiondakı fəaliyyətinə, bitərəf mövqeyinə kölgə salacaq.
Belə bir addım Ermənistana hərbi yardımına artırılması fonunda baş verirsə, demək, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk Qrupunun həmsədri mandatına da kölgə salır.
Artıq Azərbaycandakı rus icması, Azərbaycan diaspor təşkilatları, ölkə ictimaiyyəti, media qurumları və QHT-lər Rusiya hökumətini düşünülməmiş addımlar atmamağa, iki ölkə və iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməməyə çağırır.
Səxavət HƏMİD