Teleqraf.com xəbər verir ki, bu sözləri Publika.az-a “Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi” İctimai Birliyinin sədri Rufiz Qonaqov söyləyib.
O bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər qonşu dövlətlər olaraq yüksək səviyyədə inkişaf edib.
“Ölkə prezidentləri arasında dostluq münasibətləri də yüksək səviyyədədir. İqtisadi, siyasi, diplomatik sahədə də münasibətlər formalaşıb. Lakin bu dostluğu və münasibətləri gözü götürməyən ermənipərəst dairələr tək indi yox, əvvəllər də müxtəlif formalarda görülən işlərə xələl gətirməyə çalışıblar. Azərbaycanla Rusiya arasında qarşılıqlı münasibətlər hər zaman yüksək səviyyədə olub. Azərbaycanda rusdilli təhsil müəssisələri var, rusdilli əhali sərbəst şəkildə Azərbaycan vətəndaşları kimi fəaliyyət göstərirlər. Belə olan halda Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvinin gündəmə gətirilməsi təəssüfləndirici haldır. İnanıram ki, Rusiya hakim dairələri bu məsələyə aydınlıq gətirəcək, iki ölkə arasında münasibətlərə xələl gəlməməsinə çalışacaqlar. Bu məsələnin Rusiya-Azərbaycan arasında dostluq münasibətlərinə təsir göstərməyəcəyinə ümid edirik. Rusiya həm MDB-nin üzvü, həm də ATƏT-in Minsk Qrupunun həmsədridir. Belə bir məqamda rəsmi Moskva da öz yaxın qonşusu ilə Ümumrusiya Azərbaycanlıları Konqresinə görə münasibətlərin pozulmasını istəməz. Bu təşəbbüsün bütövlükdə Vladimr Putin hakimiyyətinin mövqeyi olduğunu düşünmürəm. Yəqin ki, bu məsələnin həllində Azərbaycanın maraqları nəzərə alınacaq”.
Mayın 15-də Rusiya Ədliyyə Nazirliyi tərəfindən qaldırılmış iddia əsasında keçirilən məhkəmə prosesində Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv ediləcəyi gözlənilir.