Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, tədbirin ilk günü keçirilən açılış mərasimində Quanaxuato ştatının qubernatoru Migel Markes də iştirak edib. Tədbir zamanı Azərbaycan tərəfinə San Migel de Ayende şəhəri yerli hakimiyyəti adından “Fəxri qonaq” adı ilə təltif olunması barədə qərarnamə təqdim olunub.
Bundan sonra iştirak edən ölkələr şərəfinə təşkil olunmuş parad zamanı Azərbaycanın dövlət bayrağı da təntənəli şəkildə şəhərin mərkəzi küçələrindən keçirilib.
Qeyd edək ki, YUNESKO-nun Ümumdünya mədəni irs siyahısına daxil edilən San Migel de Ayende şəhəri Meksikanın ən beynəlmiləl şəhərlərindən biridir. Burada müxtəlif millətləri təmsil edən 60-a yaxın icma yaşayır. Quanaxuato ştatının hökuməti və San Migel de Ayende şəhərinin yerli hakimiyyəti tərəfindən ənənəvi olaraq təşkil olunan və iki gün davam edən bu tədbir müxtəlif millət və mədəniyyət təmsilçilərinin bir araya gətirilməsi məqsədini daşıyır.
Meksikada akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin, Quanaxuato ştatını Meksika Federal Deputatlar Palatasında təmsil edən deputatların, KİV və QHT təmsilçilərinin, həmçinin yerli icmaların iştirak etdiyi tədbir çərçivəsində müxtəlif görüşlər və mədəni proqramlar həyata keçirilir.
Səxavət