17 May 2017 18:15
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvini faciəyə çevirmək lazım deyil. Biz bunu zərbə kimi qəbul etməməli, baş verənlərdən sarsıldığımızı göstərməməliyik. Rusiyanın qarşısında əsla zəif görünmək olmaz.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq, BAXCP sədrinin müavini Elçin Mirzəbəyli Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ÜAK-ın qeydiyyatının ləğv olunacağı gözlənilən idi: “Çünki qərar siyasi xarakter daşıyırdı. Qeydiyyatın ləğvi ilə bağlı məhkəmə qərarında bildirilir ki, qurumun nizamnaməsinin müddəaları mövcud qanunvericiliyə uyğun deyil. Qeyd edim ki, ÜAK-ın mövcud Nizamnaməsi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və əgər Nizamnamənin hansısa müddəaları Rusiya qanunvericiliyinə uyğun deyilsə, buna görə Ədliyyə Nazirliyi məsuliyyət daşıyır. ÜAK isə Rusiya Ədliyyə Nazirliyinin təsdiq etdiyi Nizamnamə əsasında fəaliyyət göstərib. Bu isə tamamilə qanunauyğundur. Məhkəmə qərarında yer alan başqa bir iddia qurumun adının onun fəaliyyətinin xarakterinə uyğun gəlməməsi ilə bağlıdır. Bu, o qədər gülünc iddiadır ki, hətta danışmağa belə adam xəcalət çəkir. Rusiyada ən müxtəlif adlarda diaspor qurumları qeydiyyatdan keçib, fəaliyyət göstərir: Rusiya Erməniləri İttifaqı, Rusiya Tacikləri İttifaqı, çeşidli birliklər, mədəni muxtariyyətlər və s. Yəni Ədliyyə Nazirliyinin iddiaları bəhanədən başqa bir şey deyil”.

Appelyasiya şikayətinin təmin olunmasına gəlincə, Elçin Mirzəbəyli hesab edir ki, bu da siyasi qərardan asılı olacaq: “Əgər siyasi qərar verənlərin məqsədi daha dərinə getməkdirsə, o zaman şikayət təmin olunmayacaq. Yox, bu sadəcə yumşaq təzyiq xarakterli addımdırsa, o zaman şikayət təmin olunacaq”.

Qeyd edək ki, Rusiya Ali Məhkəməsinin qərarı hələlik qanuni qüvvəyə minməyib və ÜAK-ın bir ay müddətində apellyasiya şikayəti vermək hüququ var.

Nərgiz


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər