Bunu İran prezidentinin birinci müavini İshaq Cahangiri deyib.
İ. Cahangiri bu gün Daxili İşlər Nazirliyində yaradılmış Seçki Qərargahında jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, bu gün İran xalqı üçün tarixi və həlledici bir gündür. İ. Cahangiri əhalinin aktivliyinin çox yüksək olduğunu söyləyib: “Düşünürəm bu gün keçirilən seçkilər əhalinin iştirak səviyyəsinə görə ən önəmli və tarixi bir seçki olacaq. İran xalqı bilir ki, regionun indiki şəraitində onların seçkidə geniş iştirakı həlledicidir”.
İ. Cahangiri qeyd edib ki, seçki qutularından çıxacaq səs xalqın səsidir və hamı ona hörmətlə yanaşmalıdır: “Xalqın seçimi hər kim olarsa, biz ona İranın inkişafı naminə yardım edəcəyik. Xalqı əmin edirəm ki, dövlət orqanları onların səslərini qoruyacaq. Konstitusiyaya Nəzarət Şurası müşahidə aparır və seçkiləri izləyir. Sevindirici haldır ki, bütün qurumlar arasında yaxşı əməkdaşlıq mövcuddur”.
Qeyd edək ki, bu gün İranda prezident seçkiləri keçirilir. Səsvermə məntəqələrinin çoxunda uzun növbələr yaranıb. Ölkə rəsmiləri və namizədlər səsvermənin başladığı ilk saatlarda səs veriblər. Səsvermənin müddəti 10 saatdır və əgər ehtiyac yaranarsa, bu müddət artırıla bilər. Dünyanın 103 ölkəsindəki İran vətəndaşları da öz seçimlərini edəcəklər.
(APA)