24 May 2017 12:09
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti görüş zamanı bir çox məsələlərə dair mövqeyini açıqladı. Həm ölkəmizin inkişafı ilə bağlı məsələlər, həm Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, xüsusilə idman yarışları, İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunması xüsusi vurğulandı. Cənab prezidentin çıxışı zamanı səsləndirdiyi bütün məsələlər diqqət çəkdi və ürəyimizdən xəbər verdi.

Bunu Teleqraf.com-a açıqlamasında “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli Prezident İlham Əliyevin İslamiadada qalib gələn idmançılarla görüşü barədə fikirlərini bölüşərkən deyib.

E.Mirzəbəyli qeyd edib ki, xüsusilə önəm verdiyi və onun üçün çox dəyərli olan Azərbaycan xalqının vətənpərvərliyi ilə bağlı səsləndirilən fikirlər idi: “Cənab Prezident Vətənə olan sevginin insanları yenidən bir araya gətirdiyini vurğuladı. Qənaətimə görə, bu faktor, bu amil Azərbaycanın uğurlarının əsasında dayanan amildir. Eyni zamanda cənab Prezidentin nitqində bu gün İslam həmrəyliyinə böyük ehtiyac duyulduğu və Azərbaycanın təşkil etdiyi bu möhtəşəm tədbirin də həmrəylik istiqamətində atılan addımlardan biri olduğu, ölkəmizin dünyaya İslamın bəşəri din, humanizmi təbliğ edən din olması haqqında verdiyi mesajlar xüsusilə önə çəkildi. Təbii ki, həyata keçirilən tədbir barədə geniş dəyərləndirilmə aparıldı. Cənab Prezidentin çıxışından bir daha aydın oldu ki, İslam Həmrəyliyi Oyunları Azərbaycanın təqdimatında sadəcə bir idman yarışı deyil. Həm də İslam mədəniyyətinin nümayişi, daha öncə də qeyd etdiyim kimi bəşəri, mənəvi dəyərlərin bir parçası olan İslam dininin dünyaya yenidən təqdim olunması idi”.

E.Mirzəbəyli qeyd edib ki, əslində birgəyaşıyışın əsasa prinsiplərini də bu təşkil edir: “Azərbaycan əsrlər boyu özündə mövcud olan və son dövrlərdə daha da inkişaf etdirilmiş multikulturalizm modelini İslam kontekstində dünyaya təqdim etməyi bacardı. Hesab edirəm ki, cənab Prezident bu çıxışı ilə həm İslam mədəniyyəti barədə dünyaya mühüm mesajlar verdi, həm də bütövlükdə Azərbaycanın İslama, onun gələcəyinə və İslam mədəniyyətinin təbliğ olunmasına, İslamın humanizm prinsiplərinə yanaşmasını ortaya qoydu”.

E.Mirzəbəyli onu da bildirib ki, ölkəmizdə keçirilən hər hansı tədbir Azərbaycana olan diqqəti daha da artırır: “Nəzərə almaq lazımdır ki, İslam Həmrəyliyi Oyunları bütün İslam ölkələrinə, eləcə də digər ölkələrə yayımlanırdı. Bütövlükdə bu ölkələrdə yaşayan insanlar daha ətraflı, geniş məlumat aldılar. Xüsusilə, oyunların təşkili zamanı, açılış və bağlanış mərasimlərində Azərbaycanın yüksək mədəniyyət, sivil dünyanın bir parçası olduğu da sərgiləndi. Bunlar təbii ki, diqqət çəkən məqamlardır və ölkəmizin turizm potensialı haqqında bu tədbirlər çərçivəsində kifayət qədər mesajlar verildi. Şübhəsiz ki, bu da ölkəmizə, xüsusilə də ərəb və müsəlman ölkələrindən turist axınına zəmin yaradacaq”.

Qeyd edək ki, mayın 23-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib. Prezident İlham Əliyev, birinci xanım, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri görüşdə iştirak ediblər. Dövlət başçısı görüşdə geniş və məzmunlu nitq söyləyib. Prezident öz nitqində bir sıra məsələlərə toxunub.


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər