Teleqraf.com xəbər verir ki, Milli Məclis sədri Oqtay Əsədob birbaşa gündəlikdəki məsələlərə keçilməsini təklif edib. Habelə bildirib ki, daha bir iclasın keçirilməsi gözlənilir.
Sonra Əmək Məcəlləsində dəyişikliklərə baxılıb.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, Əmək Məcəlləsinə dəyişikliklər əmək münasibətlərini tənzimləyən, yaxşılaşdıran məsələlərdir: "Bu dəyişikliklər əməkçinin, vətəndaşın xeyrinədir".
Dəyişikliyə görə, 45-ci maddənin 1-ci hissəsi aşağıdakı redaksiyada verilir: “Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanır”.
Layihəyə görə, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq, aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda - azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi.”
Dəyişikliyə görə, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında”.
Qanun layihəsinin 3.3.4-cü hissəsi aşağıdakı redaksiyada verilir: “4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır."
Dəyişikliklər səsə qoyularaq qəbul edilib.