Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
Palata sədri deyib ki, 2016-cı ildə dövlət büdcəsinin gəlirləri 104,1% icra edilib: "2015-ci illə müqayisədə ümumilikdə qlobal makroiqtisadi tərəddüdlər fonunda büdcə gəlirlərində azalmanın olmaması, hətta az da olsa artım müşahidə edilməsi aparılan islahatların təzahürü kimi qiymətləndirilməlidir.
Hesabat ilində büdcə-vergi siyasəti çərçivəsində müəyyən edilmiş hədəflər əsasən yerinə yetirilsə də, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalarda proqnoza qarşı 11,7% və ya ən aşağı icra səviyyəsi müşahidə olunub, dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması ilə bağlı hədəf tam yerinə yetirilməyib.
Belə ki, bu istiqamət üzrə daxilolmaların həcmi 2015-ci illə müqayisədə 22,5 faiz az olub”.
V.Gülməmmədov bir sıra tədiyyə növləri üzrə icra səviyyəsinin müvafiq makrogöstəricilərlə uzlaşmadığını, tədiyyə növləri üzrə icra göstəricilərinin fərqlənməsinə əsasən proqnozların əsaslılıq səviyyəsi, inzibatçılıq və hesabatlılıq amillərinin təsir göstərdiyini də qeyd edib:
“2016-cı ilin sonuna Vergilər Nazirliyinin xətti ilə vergi və digər icbari ödənişlər üzrə dövlət büdcəsinə yaranan artıqödəmə məbləği 2015-ci illə müqayisədə 18,2 faiz artıb. Ümumi artıqödəmə məbləğinin dövlət büdcəsinə təmin edilən gəlirlərə qarşı xüsusi çəkisi də 2015-ci ilə nisbətən 5,8 faiz artıb.
Dövlət büdcəsinə olan borcların həcmi isə 2016-cı il ərzində bütün əsas parametrlər üzrə azalaraq ilin sonuna ümumilikdə 1,4 milyard manat təşkil edib və azalmanın 55,6 faizi verginin əsas məbləği, 39,7 faiz borcları və 4,7 faizi isə maliyyə sanksiyaları ilə bağlı olub.
İqtisadi təsnifata gəldikdə isə, hesabat ilində icra edilməmiş büdcə xərclərinin 43,4 faizi qeyri-maliyyə aktivlərinin alınması, 18,2 faizi “Digər xərclər” bölməsi, 16 faizi isə malların və işlərin alınması ilə bağlı olub”.