1 İyun 2017 13:39
763

Son günlər keçmiş SSRİ məkanında diplomatların qovulması adi hal alıb. Bir neçə gün əvvəl Estoniya rusiyalı diplomatları persona non qranta elan edib. Mayın 29-da isə Moldova hökuməti 5 rus diplomatından ölkəni tərk etməyi tələb edib. Rəsmi Moskva da buna qarşılıq olaraq, öz ölkəsində fəaliyyətdə olan 5 moldovalı diplomatı persona non qranta elan edib.

Moldova-Rusiya arasında yaranan diplomatik qalmaqalı şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər hesab edir ki, baş verənlərə təbii yanaşmaq lazımdır.

Onun sözlərinə görə, Moldova parlamentli respublikadır və orada əsas səlahiyyət hökumətdədir: “Moldovada prezidentin səlahiyyətləri məhduddur. Mayın 26-da Moldova paytaxtında Avrasiya Birliyi ideyasının tərəfdarlarının böyük toplantısı keçirildi. Həmin toplantıda məşhur rusiyalı avrasiyaçı Duqin də iştirak edib. Hətta Duqin prezidentlə görüşmüşdü. Mayın 29-da isə Moldova hökuməti rusiyalı diplomatların ölkədən çıxarılmasına qərar verdi. Eyni zamanda bu qərar Estoniyada bir neçə rus diplomatının persona non qranta elan edilməsi ilə üst-üstə düşdü. Təbii ki, Rusiya tərəfi də buna adekvat cavab verdi”.

Sülhəddin Əkbər qeyd edib ki, əslində bu qalmaqal Rusiya-Amerika qarşıdurmasının siyasi-diplomatik cəbhədə üzə çıxan nəticələridir: “Bu qiymətləndirmə daha düzgün olar. Bildiyiniz kimi Moldova prezidenti də bu qərara görə hökuməti sərt tənqid etdi. Hesab edirəm ki, ABŞ-Rusiya qarşıdurması və gizli savaş getdikcə genişlənəcək. Artıq gizli qarşıdurma həlledici mərhələyə daxil olub. Biz bunu dünyanın bir neçə geopolitik sınma xətləri üzərində görürük. Bu sınma xətlərindən biri də Şərqi Avropa və ya Baltik-Qara dəniz xəttidir. Moldova-Rusiya, Estoniya-Rusiya arasında yaşanan diplomatik qalmaqal da Baltik-Qara dəniz sınma xətti üzərində baş verir.

Mən əvvəllər qeyd edirdim ki, postsovet məkanında ikinci sınma xətti GUAM xəttidir. İndi diqqət edin, görün, GUAM-da təmsil olunan ölkələrdə hansı hadisələr baş verir. Burada baş verənlər də əslində sınma xətti üzərində baş verən gizli savaşın nəticələridir. Məncə, sınma xətləri üzərində zaman-zaman müxtəlif formatlarda qarşıdurmaların nəticələrini görə biləcəyik”.


Müəllif: Cavad
Загрузка...