1 İyun 2017 14:51
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 31-də Avropa Parlamentində Sərsəng su anbarı ilə bağlı tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, Avropa Parlamentinin üzvləri İvo Vayql, Tamaş Mesiriç və Fabio Kastaldonun ev sahibliyi etdiyi tədbirdə Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında olan Sərsəng su anbarının ətraf rayonların əhalisi üçün yarada biləcəyi humanitar fəlakətə xüsusi diqqət yetirilib.

“Dağlıq Qarabağ münaqişəsi: Sərsəng bu “dondurulmuş münaqişənin” buzlarını əridə bilərmi?” başlığı altında keçirilən tədbirə ekspert qismində Britaniya Kral Kollecinin təmsilçisi xanım Treysi Cerman, Beynəlxalq Xəbərdarlıq Mərkəzinin rəhbəri xanım Marina Naqayi, LİNKS təşkilatının direktoru Denis Sammut və Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin təmsilçisi Torsten Ahren qatılıb. Tədbirə ev sahibliyi edən avroparlamentarilərin dəvəti əsasında Milli Məclisin üzvü, Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev tədbirdə xüsusi qonaq statusu ilə iştirak edib.

İvo Vayql Sərsəng su anbarının Ermənistanın nəzarəti altında olduğunu, gərəkli texniki baxışların və təmirin həyata keçirilmədiyini bildirib və bunun doğurduğu risklərdən danışıb. O, bölgədə yaşayan Azərbaycan əhalisi üçün böyük təhlükələrin olduğunu narahatlıqla qeyd edib.

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin təmsilçisi Torsten Ahren Sərsəng su anbarının əhalinin təsərrüfat fəaliyyətinin dəstəklənməsi məqsədi ilə tikildiyini, lakin hazırda Ermənistan tərəfindən su anbarının bir təzyiq vasitəsi kimi istifadə edildiyini, bunun isə qəti şəkildə qəbuledilməz olduğunu diqqətə çatdırıb. Bu halın aradan qalxması üçün münaqişə tərəfləri arasında əlaqələrin yaradılmasının vacibliyinə diqqət çəkən Aİ rəsmisi, bu istiqamətdə İttifaqın hərtərəfli dəstək verməyə hazır olduğunu ifadə edib.

Beynəlxalq Xəbərdarlıq Mərkəzinin rəhbəri xanım Marina Naqayi öz çıxışında Dağlıq Qarabağ münaqişəsini dünyada mövcud olan ən mürəkkəb münaqişələrdən biri kimi səciyyələndirib. Lakin bunun humanitar məsələlərdə tərəflərin ortaq məxrəcə gəlməsinə əngəl yaratmamalı olduğunu bildirib. Natiq köhnəlmiş texnologiyalarla istismar olunan Sərsəng su anbarının bölgədə baş verəcək hər hansı zəlzələyə qarşı dayanıqsız olduğunu və ciddi humanitar fəlakətlərə səbəb ola biləcəyini diqqətə çatdırıb.

Britaniya Kral Kollecinin təmsilçisi Treysi Cerman öz çıxışında Sərsənglə bağlı problemin ciddi olduğunu vurğulayaraq, məsələnin humanitar fəlakətə səbəb olmaq potensialı haqda hər kəsin düşünməli olduğunu bildirib. Xanım Cerman təkcə münaqişə tərəflərinin deyil, regionda maraqlı olan tərəflərin və bütün əsas beynəlxalq təşkilatların məsələnin həlli üçün çalışmalı olduğunu xüsusi vurğulayıb. Onun fikrincə ancaq bu yolla sözügedən problemin fəlakətə çevrilməsi riski önlənə bilər.

LİNKS təşkilatının direktoru Denis Sammut münaqişənin geosiyasi reallıqlarını önə çəkərək, diqqəti bu münaqişədən və onun nəticələrindən əziyyət çəkən insanların üzləşdiyi humanitar problemlərə yönəltməyin vacibliyini qeyd edib. D.Sammut qeyd edib ki, Sərsəng problemi Dağlıq Qarabağ münaqişəsi nəticəsində ortaya çıxan məsələdir və bu məsələyə görə yüz minlərlə insan əziyyət çəkir. Ekspertin fikrincə, Sərsəng probleminin həlli istiqamətində atılacaq addımlar bütövlükdə həm də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı etimad yaradan addımlar kimi səciyyələndirilə bilər.

Dinləmələrdə iştirak edən Ermənistan təmsilçiləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin yalnız ATƏT-in Minsk qrupunun səlahiyyətlərinə aid olduğunu önə çəkərək mövzunun Avropa Parlamentinin gündəminə çıxarılmasının məqsədəuyğun olmadığını bildiriblər. Ermənistan səfirliyinin müşavirinin tədbirlə bağlı iradlarına cavab olaraq İvo Vayql münaqişənin həlli ilə yalnız Minsk qrupunun məşğul olmasının iddia edilməsini doğru hesab etmədiyini bildirib. O qeyd edib ki, Minsk qrupu münaqişə ilə bağlı mövcud olan bütün sualların cavabı deyil və beynəlxalq ictimaiyyət, xüsusilə Avropa təsisatları bu münaqişəyə və onun doğurduğu nəticələrə daha çox diqqət ayırmalıdır.

Daha sonra çıxış edən Milli Məclisin üzvü, Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev işğal nəticəsində Sərsəng su anbarının Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçməsi, bunun Dağlıq Qarabağ və ətraf bölgələr üçün yaratdığı problemlər haqda tədbir iştirakçılarına ətraflı məlumat verib. Deputat öz çıxışında Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Tərtər və Yevlax rayonlarının bu problemdən ən çox zərər çəkən bölgələr olduğunu, bu rayonlarda əhalinin içməli və təsərrüfat suyundan məhrum edildiyini, nəticədə dinc əhalinin əsas gəlir sahələri olan kənd təsərrüfatı ilə məşğul ola bilmədiklərini, bütün bunların isə regionun sosial-iqtisadi inkişafına mənfi təsir göstərdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Millət vəkili Sərsəng su anbarında hər hansı təbii fəlakət və ya subyektiv səbəblərdən qəza baş verəcəyi təqdirdə sözügedən 6 rayonun və təxminən yarım milyon əhalinin su altında qalacağına xüsusi diqqət çəkərək, beynəlxalq təşkilatları humanitar fəlakət təhlükəsinə laqeyd qalmamağa çağırıb. C.Feyziyev Ermənistanın Sərsəng su anbarından azərbaycanlılara qarşı silah kimi istifadə etməsinin heç bir beynəlxalq hüquq prinsiplərinə və etik normalara sığmadığını da diqqətə çatdırıb. O, Ermənistanın Azərbaycan tərəfinə heç bir xəbərdarlıq etmədən bol yağıntılı dövrlərdə Sərsəngdən böyük həcmdə su buraxmaqla daşqınlara, yayda isə suyun önünü kəsməklə quraqlığa səbəb olduğunu bildirib.

C.Feyziyev həmçinin Sərsəng rezervuarından buraxılan su ilə axıdılan partlayıcı maddələrin təsərrüfatda işləyən insanların, hətta bəzən uşaqların da ölümünə və yaralanmasına səbəb olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, 2016-cı ilin yanvar ayında AŞ PA tərəfindən Sərsəng su anbarı ilə bağlı işğalçı qüvvələrin həmin ərazidən dərhal çıxarılmasını tələb edən qətnamənin qəbul edildiyini xatırladaraq sözügedən qətnamənin Ermənistan tərəfindən bu günədək icra edilmədiyini xatırladıb. Millət vəkili vəziyyətin dözülməz xarakter aldığını vurğulayaraq, beynəlxalq ictimaiyyəti, xüsusilə də Aİ və Avropa Parlamentini bu humanitar fəlakətin aradan qaldırılması üçün daha fəal rol oynamağa və Ermənistana qarşı müvafiq təzyiq tədbirləri görməyə çağırıb.

İclasın yekununda tədbirin təşkilatçıları və münaqişə üzrə tanınmış ekspertlər məsələnin daimi olaraq diqqət mərkəzində saxlanılmasının və ən qısa müddətdə Sərsəng probleminin həlli üçün konkret təkliflər hazırlanmasının vacibliyini vurğulayıblar.


Müəllif: Səxavət